Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib.
"Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov heç-heçəni belə şərh edib:
- Yaxşı oyun alındı. Maraqlı oyun alındı. Oyunun xüsusilə son anlarında çox həyəcanlı anlar yaşandı. Futbolçular səbrli oyun nümayiş etdirdilər. Bu oyunda 0:2 hesabıyla məğlub da ola bilərdik. Ancaq əksi də ola bilərdi. Hər iki komanda istirahətə layiqdi. Futbolçularımdan razı qaldım.
- Sizcə, komandanın hücum xəttində problər var?
- Bizdə hücum xəttində həmişə problemlər olur. Yaxşı hücumçu olsa, komandaya cəlb etməyə hazırıq.
- Sizcə, qələbə üçün komandada nə çatmadı?
- Hər iki komanda ağır mövsüm keçirdi. Buna baxmayaraq, hər iki komanda sürətli oyun nümayiş etdirdi. Qələbə üçün qol çatmadı. Şanslarımız olsa da, bunu dəyərləndirə bilmədik. Hər bir futbolçu belə fürsətləri dəyərləndirmək üçün öz üzərində çalışmalıdı.
- Rahid Əmirquliyevin "Qarabağ"la razılaşdığı deyilir...
- Rahid kimi futbolçunun komandamda olmasını istəyərdim. Ancaq transfer məsələləri hələ tam aydın deyil.
- Sabiq futbolçunuz Muarem Muarem "Qarabağ"a qayıtmaq istədiyini deyib...
- Əvvəl də demişdim, Muarem kimi oyunçunu komandamda görmək istəyərdim. Ancaq dediyim kimi, hələ heç nə aydın deyil. Ayın 20-dən sonra bu məsələlərə tam aydınlıq gələcək.