Təqvim ilinin sonu yetişdikcə müxtəlif təşkilat və qurumlar ilin ən yaxşıları seçir. Sportarena.az xəbər verir ki, “Komanda" qəzetinin xələfi olan “Komanda.az” saytı da ənənəvi olaraq ilin ən yaxşı baş məşqçisini seçib.
“Fairmont otel”dəki futbol ictimaiyyətinin nümayəndələri, iş adamları və media mənsubları iştirak edirdi. Tədbirin aparıcısı Sənan Şəfizadə yığıncağın mahiyyəti haqda qısa açıqlama ilə çıxış etdi. Ardınca isə söz “Komanda.az” saytının redaktoru Natiq Muxtarlıya verildi. O, “ilin ən yaxşı məşqçisi” nominasiyası üzrə jurnalistlər arasında keçirilən sorğunun yekun nəticələri haqda danışdı: “Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevi ilin məşqçisi seçmişdi. Ötən il sorğuda 51 mətbuat orqanından 57 jurnalist iştirak etmişdisə , bu ilki səsvermədə 74 mətbuat orqanından 80 həmkarımız adını yazdırdı. 49 jurnalist Qurban Qurbanova, 24-ü isə Roman Qriqorçuka səs verdi. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, "İnter"in çalışdırcısı Zaur Svanadze isə 3 səs qazanıb. . Qurban Qurbanovun seçilməsi gözlənilirdi. Çünki “Qarabağ bu il həm “qızıl dubl” etdi, həm də avrokuboklarda layiqli mübarizə apardı. Qurban bəyi təbrik edirəm. Arzu edirəm ki, o, “Qarabağ”la Çempiolar Liqasının qrupunda da iştirak etsin”.
Qurban Qurbanov 2015-ci ilin ən yaxşı baş məşqçisi elan olunduqdan sonra ekranda “Qarabağ”ın təqvim ilindəki çıxışları ilə bağlı videoçarx nümayiş olundu. Sonra həmkarımız Amal Abuşov da tribunaya qalxdı: “Qurban bəy yeganə adamdı ki, Azərbaycandan fərli futbolçu çıxmaz, fərli məşqçi yetişməz kimi absurd fikirləri darmadağın etməyi bacarıb. Arada biz jurnalislərin arasında mübahisə yaranır ki, güya indiki “Qarabağ”dakı futbolçuları Qurban Qurbanov yetişdirməyib. Amma bu, belə deyil. Bunu qəbul etmək lazımdı. Azərbaycan xalqı ondan böyük uğurlar gözləyir”. Növbəti çıxış sözü isə “Komanda.az”ın baş redaktoru Rəşad Ergünə verildi: “İstəyirdik ki, sorğuda daha çox həmkarımız iştirak etsin. Maksimum çalışdıq və istəyimizə çatdıq. Düşünürəm ki, sorğunun obyektiv keçirilməsi üçün çəkdiyimiz zəhmət hədər getmədi. Sona kimi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və Qurban bəy mübarizə aparırdı. Amma sonda “Qarabağ”ın çalışdırıcısı qalib oldu. Məncə, o buna layiqdi. Səmimi qəlbdən təbrik edirəm. Uğurların davamı gəlsin”.
Ardınca isə baş redaktor qalibi səhnəyə çağırdı, ona zalda əyləşənlərin alqış sədaları altında mükafatla sertifikatı təqdim etdi. Artıq altıncı dəfə birinci olan Qurbanov mikrofon önünə keçdi: “Əslində yenidən bu mükafata layiq görüləcəyimi gözləmirdim. Çox sağ olun ki, əməyimi dəyərləndirmisiz. Hər birinizə təşəkkür edirəm. Amma insan bir uğuru qazandıqca, növbəti uğurlara köklənir. Çalışacam ki, bundan sonra da öz işimə maksimum diqqətlə yanaşım, bütün əməyimi sərf edim. Hər zaman bu fikirdə olmuşam ki, insan bir yerdə dayanmamalıdı, daha böyük hədəflər, məqsədlər üçün mübarizə aparmalıdı. Futbolun inkişafında bəlkə bizdən çox, sizin əməyiniz var. Sorğuda iştirak edən, etməyən, qışı soyuğuna, yayın istisinə baxmayaraq stadionlara gələn, bizim işimizə qiymət verən, bizi tənqid edən bütün jurnalistlərə minnətdaram. Sizin təhlilləriniz, fikirləriniz və düşüncələriniz hamımız üçün önəmlidir”.
Daha sonra baş məşqçi onun üçün hazırlanmış stadion formalı tortu kəsdi və üç jurnalisti mükafatlandırdı. Ölkənin ən güclü məşqçisindən hədiyyə alanlardan biri də “Futbol+”in əməkdaşı Rəşad Qasımov oldu. Təcrübəli çalışdırıcı Qasımovun Avroliqanın qrup mərhələsində “Qarabağ”ın “Anderlext”ə 1:0 hesablı qalib gəldiyi oyundan sonrakı mətbuat konfransından sonra ona ünvanladığı “Mənə müsahibəsində ananız demişdi ki, hər oyununuzu izləyir, azarkeşlik edir, sizdən heç də az həyəcan keçirmir. Bugünkü qalibiyyətdən sonra ananızla əlaqə saxlayıb, sevincinizi bölüşdüzmü?” sualı ən yaxşı kimi qiymətləndirib. “Supersport.az”ın baş redaktoru Anar Cəfərsoy demək olar hər oyunda onu “izlədiyi”, “Newsport.az”ın rəhbəri Hacı Mərdan isə hər dəfə onu tənqid etdiyi üçün mükafata sahib çıxdı. Sonda tədbir iştirakçıların çay süfrəsi arxasında səmimi söhbətlərinə davam etdilər.