"Çalışacam ki, Yaponiyadan hansısa bir komandanın Qəbələyə gətirilməsinə yardım edim" - Stenli Brard

12:45 22 Dekabr 2015

"Qəbələ" Futbol Akademiyasının sabiq direktoru Stenli Brard ayrılıq ərəfəsində "Qəbələ İK"nın suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

– Yaponiyadan gələn təklif və bununla əlaqədar “Qəbələ”dən ayrılmağınız bir qədər gözlənilməz oldu...

– Çox tez qərar verməli oldum. Təklifin gəlməsi və bununla bağlı qərarın verilməsi cəmi 4 gün çəkdi.

 

- Qəbələdən hansı təəssüratla, hisslərlə ayrılırsınız? Bu qərarı vermək çətin olmadı?

- Əlbəttə ki Azərbaycandan yaxşı təəssüratla, xoş xatirələrlə ayrılıram. Bu, təkcə mənim şəxsi fikrim deyil. Ailə üzvlərim də dediklərimi təsdiqləyə bilərlər. “Qəbələ”də çox nəcib, işgüzar və bacarıqlı insanlarla birgə çalışdım. Burada özümüzü həmişə evimizdəki kimi hiss etmişik. Belə deyərdim, hər zaman öz evini tərk etmək çətin olur. Amma neyləmək olar, futbol həyatı belədir. Qərar vermək çətin oldu. Çünki uzun müddət idi “Qəbələ” də çalışırdım. Bu müddətdə yaxşı insanlarla təmasda olmuş, xeyli dost qazanmışam. Amma nə vaxtsa belə bir qərar verməli idim.

 

- “Nagoya Grampus” da işiniz nədən ibarət olacaq?

- Mən vaxtilə bu klubun akademiyasının direktoru olmuşam. Bu dəfə isə işim və səlahiyyətlərim çox olacaq. Klubun idman direktoru vəzifəsini icra edəcək, eyni zamanda əsas komandada baş məşqçinin köməkçisi kimi çalışacağam. Əsas komanda ilə akademiya arasında, belə deyək, “körpü” rolunu oynayacağam. Gənc istedadların aşkar edilməsi və onların əsas komandaya cəlb olunmasına vasitəçilik edəcəyəm. Mən eyni zamanda klubun baş məsləhətçisi kim fəaliyyət göstərəcəyəm.

 

– “Qəbələ” Futbol Akademiyasında işlədiyiniz 3 ilə yaxın dövrdə hansı yenilikləri edə bildiniz?

– Qəbələyə gələrkən qarşımda bir sıra məqsədlər dayanırdı. Əsas vəzifələrdən biri akademiya məşqçiləri və futbolçularının peşəkarlığını artırmaq, onların bilik və bacarıqlarını daha da inkişaf etdirmək idi. Bunun üçün məşq proqramlarında bir sıra dəyişikliklər etdik. Məşqlərin təşkili və məzmununa da “əl gəzdirdik”. Məşqçilərin nəzəri və praktik biliklərinin artırılması üçün bir sıra işlər gördük. Müntəzəm təşkil etdiyimiz seminarlarda nəzəri biliklərimi gənc məşqçilərə ötürə bildim. Bu yeniliklər oyun tərzimizə də müsbət təsir göstərdi. Çox şadam ki, məşqçilərimiz bu yenilikləri müsbət qarşıladılar və ideyalarımızı reallaşdırmaq üçün əllərindən gələni etdilər. Ümid edirəm, bu prinsiplər akademiyada məndən sonra da qorunacaq.

 

– Sizi bu vəzifədə kim əvəz edəcək?

– Akademiyanın direktor vəzifəsini mövsümün sonunadək Halim Fıçıcı icra edəcək. Bundan sonra həmin vəzifədə kimin çalışacağını deyə bilmərəm.

 

– Bu vəzifəyə kimisə təklif etdinizmi?

– Klub bu məqsədlə mənə müraciət etməyi lazım bilərsə, məmnuniyyətlə kömək edərəm.

 

– Akademiyamızın daha da inkişaf etdirilməsi üçün Sizcə, daha hansı işlər görülməlidir?

– Gələcəkdə hansı işlər görüləcəksə, bu, artıq klubun qərarı olacaq. Ümid edirəm ki, “Qəbələ” Futbol Akademiyasında başlanılan iş uğurla davam etdiriləcək. Mən məşqçilərimizin işindən, yeniyetmələrimizin peşəkar futbolçu kimi yetişməsi üçün göstərdikləri səylərdən razıyam. Mənə elə gəlir ki, həm məşqçilər, həm də futbolçularımız qarşıya qoyulan məqsədlərə çatacaqlar.

 

– Mütəxəssis kimi özünüz “Qəbələ”dəki işinizə necə qiymət verərdiniz?

– Burada gözəl, yaxşı insanlarla tanış oldum. Gözəl şəraitdə, öz işini sevərək görən insanlarla çiyin-çiyinə işlədim. Ona görə də, “Qəbələ”də çalışmaq mənə asan oldu. Mən buraya gələndə, klub və akademiyamız inkişaf baxımından müəyyən bir nöqtəyə çatmışdı. Burada çalışdığım qısa müddətdə klub xeyli irəli getdi. Əsas komanda Avropa Liqasına vəsiqə qazandı və hətta turnirin qrup mərhələsinə çıxdı. Belə davam edərsə, klubun parlaq gələcəyinə ümid etmək olar.

 

– Yeri gəlmişkən, əsas komandamızın Avropa Liqasında uğurlu çıxışı akademiyanın həyatına, futbolçulara necə təsir etdi?

– Hər kəs “Qəbələ” haqqında danışmağa başladı. Bunun da bizim üçün xeyri bu oldu ki, komandamız Avropa Liqasında irəlilədikcə, akademiyaya gəlmək istəyənlərin sayı çoxaldı. “Qəbələ” akademiyasına axın gücləndi və nəticədə onların arasında seçim etmək imkanlarımız artdı. Kimliyindən asılı olmayaraq, hər kəs istəyirdi ki, "Qəbələ"nin bir parçası olsun. Bu da klubun inkişafı üçün çox yaxşı hal, əlamətdar hadisədir.

 

– Gələn ilin yayında növbəti dəfə “Qəbələ kuboku” turnirinin keçirilməsi planlaşdırılır. Budəfəki yarışda, ilk dəfə olaraq, Yaponiyadan klub görə bilərikmi?

– Növbəti “Qəbələ Kuboku” turnirinin keçirilməsi üçün müəyyən işlər aparılır. Klub da istəyir ki, iştirakçılar baxımından turnir daha da rəngarəng olsun. Yarışda Asiyadan, Amerikadan klublar iştirak etsin. Mən özüm isə çalışacağam ki, Yaponiyadan hansısa bir komandanın Qəbələyə gətirilməsinə yardım edim.

 

P.S. Dəyişkən, aktiv və keşməkeşli həyat futbol məşqçilərinin yaşam tərzidir. Çox heyif ki, gələn ilin may ayında “Qəbələ” ilə müqaviləsini yeniləyəcəyini niyyət edən Stenli Brarda da, hardasa, bu yaşam tərzinin “qurbanı” oldu. Nə etmək olar? Bizdən “Qəbələ” Futbol Akademiyası və onun kollektivinin yaddaşında xoş xatirələrlə qalacaq gözəl insana və peşəkar mütəxəssisə yeni-yeni uğurlar diləmək qalır! Yolun açıq olsun, Stenli!


Digər xəbərlər

Xəbər xətti