AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Topaz Premyer Liqasının XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 53-cü dəqiqəsində “Kəpəz” klubunun 23 №-li futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun bir qrup azarkeşi tərəfindən “Neftçi” klubunun azarkeşlərinə daş atılmışdır. Bu səbəbdən də "Kəpəz" klubu ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 5000 manat cərimə olunub.
“İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur.