Növbəti il üçün öz qarşısına yüksək hədəflər qoyan “Şəmkir”də özbaşınalıq da pik həddə çatıb. Sən demə, komandanın baş məşqçisi Kamran Əlibabayev komandaya götürdüyü futbolçulardan rüşvət alırmış.
Uğursuz nəticələrlə gündəmə gələn məşqçi menecerlərlə birləşib baxışa çağırdığı futbolçulara ona pul verəcəkləri halda komandaya götürəcəyini bildirir. Bir neçə müddət öncə komandaya yoxlanışa gələn iranlı futbolçu Yaser Talati də eyni halla üzləşib. Bizimlə əlaqə saxlayan legioner özü bu haqda danışdı: “Məni “Şəmkir”ə Adil Mahmudov gətirib. Burada oynayacağımı dedilər. Birinci onlar məndən 5 min manat pul istədilər. Dedilər ki, əgər sən pulu versən, komandaya götürəcəyik. “Şəmkir”in ikinci məşqçisi Rauf Mərdanov məndən pul alıb Kamran Əlibabayevə aparırdı. Ona verəcəkdi ki, məni heyətə salsınlar. Amma sonra nə oldusa, fikirlərin dəyişdilər. Məni küçədə qoydular. Qalmağa da yer vermirdilər. Sağ olsun, klubun idman direktoru İlqar Nəbiyev. Məni 12 gün Yevlaxda öz evində saxladı. Yemək, yatmağa yer verdi”.
Talati pullarını PFL prezidenti Ramin Musayevin sayəsində geri alıb: “2 gün parkda yatdım. Sonra işim düzəlmədi. Pulumu vermirdilər. Əlacım kəsildi, PFL prezidenti Ramin Musayevin qəbuluna düşüb ona hər şeyi danışdım. O, mənə kömək etdi. Çağırdı onları, danışdı. Sonra pulumu qaytardılar. Mənim telefonumda şəkillər var idi. Aldılar telefonumu əlimdən, bütün şəkilləri sildilər. Mәn parkda ac-susuz yatmışam. Bunlar mәnә yaxşılıq etmәdilәr. Onlara haqqımı halal etmirәm. Bu adamlar iranlı bir nәfәrlә işlәyirlәr. Adı Mәcid Rza Rәfidi. O dedi ki, Adil Mahmudov yaxşı adamdır, sizә kömәk edәcәk. O da ilk gün bizә dedi ki, 5 min vermәsәz, alınmayacaq. Gecә saat 2-dә, 3-dә bizә zәng edirdi ki, pulu gәtirmәsәz, çıxaracam sizi otaqdan, göndәrәcәm İrana. Burda elә-belә mәşq edirәm, gözlәyirәm "transfer pәncәrәsi” açılsın. Bir də Ramin Musayevlə İlqar Nəbiyevə çox təşəkkür edirəm. Onlar olmasaydı, mən orda acından, küçədə ölərdim”.
Doğrusu, Talatinin danışdıqları adama gülməli gəlir. Bu adam rüşvətlə futbol oynamaqda maraqlı olubsa, deməli, özü də günahkardı. O, belə sövdələşməyə getməməli, təmiz olduğunu göstərmək üçün təklifdən imtina etməliydi. Onun futbolçu kimi səviyyəsinin yüksək olmamasını divizion klubunda oynamaq üçün bu qədər çalışması da sübut edir. Kəsəsi, ilk növbədə günahkar o, özüdü.
Məsələ adı hallanan Adil Mahmudovun isə gəzmədiyi divizion klubu yoxdu. O, bir sıra qalmaqallı məsələlərdə baş rolda olub. Görünür, indi də menecerliklə, ara düzəltməklə məşğuldu. Güman ki, onun bu məsələdə hansısa marağı var. Elə olmasaydı, hətta futbolçuya kirayə mənzil tutmaq üçün də yardım etməzdi.
Əlibabayevlə əlaqə saxlamaq cəhdlərimiz fayda vermədi. Əvəzində Mahmudovla söhbətləşə bildik:
- Xahiş edirəm, həmin futbolçunu gətir, üzbəüz oturaq, danışaq. Mənim buradan, onun oradan nəsə deməyimiz düz çıxmır, şər-böhtan sayılır. Şəkillər var, futbolçuya necə baxmışam. Yaser çox tərbiyəli uşaqdı. Hələ mən İranda olanda digər futbolçu – Caberin atası gəldi, mənə təşəkkür etdi ki, uşağıma yaxşı baxmısan.
- Söhbəti konkretləşdirsək, sizin aranızda pul haqda danışıqlar olubmu?
- Xeyr, bizim aramızda pul söhbəti ola bilməz. Bu söhbət may, iyun aylarında olub. İndi bu məsələ haradan, necə qaynaqlanır, maraqlıdı. Ola bilər bu insanlar mənə qarşı öyrədilib. Hər şey Allaha bəllidi. Həmin futbolçunu da çağırın, deyin, gəl, Adil müəllimlə otur, üzbəüz danış.
- İnkar etsəniz də, bizdə həmin futbolçu ilə sizin telefon danışıqlarının səs yazısı var...
- Bayaq dediyim kimi, futbolçunu gətir, üzbəüz danışaq.
- Amma sizin həmin oyunçu ilə danışığınız futbolçu tərəfindən bizə audio formatda təqdim olunub...
- Mən sizinlə razıyam. Amma elə “gətir mənə pul ver” sözü işlənməyib. Sadəcə, ona demişəm ki, özünü yaxşı göstər.
- Başqa deyiləsi sözünüz yoxdu?
- Mən təkcə onu demək istəyirəm ki, Allah bilən məsləhətdi. Lazım olsa, onu bura gətirən menecerlə də sizi görüşdürə bilərəm.
- Siz telefon nömrənizi də həmin audio səsdə özünüz demisiniz. Elə biz də sizə oradan götürüb zəng etmişik...
- Futbolçu ilə danışmışam. Bunu inkar edə bilmərəm. Amma hər şey Allaha bəllidi.
- Bizdə olan səs qeydlərində sizin futbolçudan pul istəməyiniz var, amma siz deyirsiniz ki, hər şey Allaha bəllidi...
- Onun mənə borcu var. Bilirsiniz, mənə maraqlıdı ki, görüşüb söhbət edərdik.
- Siz futbolçu ilə söhbət edə bilərsiniz. Biz jurnalistik, söhbətə nə aidiyyatımız ola bilər ki?
- Nə isə, yenə də Allaha bəllidi. İranda məni necə şantaj ediblər. Yenə də bu günə min şükür.
Adil bəyi özünü müdafiə etməyə çalışdı və bu, onun haqqıdı. Amma sabah (ola bilər bu gecə) sizə təqdim edəcəyimiz audioyazını izlədikdən sonra başqa şeylər də fikirləşəcəksiz. Səs yazısını sabaha saxlamağımızınsa hansısa gizli səbəbi yoxdu. Sadəcə, texniki problemlər üzündən onu tez çatdırmaq mümkün olmadı, biz isə keyfiyyətli işə üstünlük verdiyimizdən onu ayrıca təqdim etməyi üstün tutduq. Orada futbolçununu Mahmudovla, eləcə də digər iki nəfərlə danışıqları əks olunub .
Bu işdə yaxşılıq edən adam kimi fərqləndirilən Ramin Musayevə gəlincə, məsələyə o qarışmamalı idi. Bu işlə AFFA-nın müvafiq qurumları məşğul olmalıdı. Ancaq görünən odu ki, bu işdə şəffaflıq yoxdu, hər şey tanışlıq hesabına həll olunub, ona görə də sənədsiz transfer elə sənədsiz də yoluna qoyulub. Məsələyə münasibət bildirən PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bunları dedi: “Bu məsələ yadımdadı, bizə müraciət etmişdi. Futbolçu kimi qeydiyyata düşmədiyi üçün rəsmi müraciət və ya şikayət etmək hüququ yox idi. Ramin müəllimin yanına gəldi, küçədə qaldığını deyərək kömək istədi. PFL prezidenti də əslən azərbaycanlı olan bu şəxsə kömək etməyə çalışdı. O, məşqçilərlə görüşüb məsələni yoluna qoymaq üçün tövsiyyə verdi. Yaxşı ki, futbolçunun problem həll olundu, o, ac-susuz küçələrdə qalmaqdan qurtuldu. Əslində, Ramin müəllim bu məsələyə qarışmaya da bilərdi, çünki futbolçunun qeydiyyatı yox idi, sadəcə, müraciət etdiyindən, insanlıq xatirinə yardım etməyə çalışdı”.
“Şəmkir” rəhbərliyinin bu məsələlərə biganə qalmayacağına ümid edirik. Əlimizdə futbolçunun Mahmudovla, Əlibabayevlə telefon danışıqlarının audioyazısı da var. İranlı legioner işin başlanğıcında şübhələndiyi üçün bütün danışıqları yaddaşa yazıb. Həmin danışıqları sübut kimi təqdim etməyə hazırıq. Orada Adil çəyin israrla futbolçuya “5 min gətir, müqaviləni imzala” deməsi də əks olunub. Hətta iranlı futbolçunun digər yoldaşınn da məsələsi həll olunmalıymış. Həmi adamın isə Talati kimi 5 yox, 3 min var imiş, atası torpağını satıb qalan məbləği də düzəldib. Amma sonra nə olubsa, transfer alınmayıb və ortaya belə mənzərə çıxıb.
futbolinfo.az