"Türk klubundan təklif almışam" - Orxan Sadıqlı

18:28 23 Dekabr 2015

"Xəzər Lənkəran"dan ayrılan Orxan Sadıqlının müsahibəsi

 

- “Xəzər Lənkəran”dan ayrılmağının səbəbi nə oldu?

- Bu komandadan ayrılmaq həqiqətən mənə ağır gəlir. 7 ildir ki, bu böyük camiənin içərisindəyəm. Burdan ayrılmaq mənim üçün də çətindir, amma vəziyyət göz qabağındadır, bir neçə ay idi ki, maaş yox idi. Burdan ayrılmağa məcbur idim.

 

- Belə başa düşdüm ki, komandadan ayrılmağının əsas səbəbi maliyyə problemi idi...

- Düzdür, maliyyə probleminin də rolu var komandadan ayrılmağımda. Amma komandamız hər oyun uduzurdu, belə vəziyəytdə də inkişaf çox çətindir. Əsas səbəb klub rəhbərliyinin istiqəməti dəyişməsi idi, yəni gənc futbolçularla çıxış etmək. “Xəzər Lənkəran”a mövsümün ikinci yarısında uğurlar arzulayıram.

 

- Transfer vərəqəsini alarkən klub rəhbərliyi ilə problem yaşamadın?

- Yox, heç bir problem olmadı, klub rəhbərliyi ilə halallaşıb ayrıldım. Başda klub prezidenti Mais müəllim olmaqla, hər kəsə burda mənə yaratdığı imkan və verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.

 

- Artıq adın bir neçə Premyer Liqa klubu ilə hallanır...

- Düzdür, bir neçə Premyer Liqa klubundan təklif var. Çıxış etdiyim “Xəzər Lənkəran”da son 1-2 ili çıxsaq, hər zaman iddialı olmuşuq və yuxarı pillələr üçün mübarizə aparmışıq. İndi də karyeramı iddialı bir komandada davam etdirmək istəyirəm. Özümü istənilən komandada oynamağa hazır hiss edirəm

 

- Mətbuatda adın əsas “İnter”lə hallanır...

- Hələlik, heç nə dəqiq deyil. 2-3 komanda var ki, danışıqlar davam edir. Özümün də oynamaq istədiyim komanda var, ancaq hər şey 3-4 günə məlum olacaq.

 

- Bir ara xarici ölkə klublarından da təklif aldığın deyilirdi..

- İlk istəyim hələlik Azərbaycanda qalıb inkişaf edib daha sonra ölkə xaricinə getməkdir. Yalan danışmağa ehtiyac yoxdur, hazırda Türkiyə PTT I Liqasında çıxış edən bir klubdan təklif almışam, həmin komanda ilə da danışıqlar davam edir. Həmin kluba da bildirmişəm ki, ilk seçimim Azərbaycan olacaq.

 

- Sonda “Xəzər Lənkəran” azarkeşlərinə nə demək istəyirsən?

- Həmişə onlardan razı olmuşam, Nəinki yaxşı günümüzdə, hətta çətin günümüzdə də yanımda olublar. Haqqlarını halal etsinlər, hər zaman mənə dəstək olublar. Bu futboldur, ola bilər ki, bir gün yenidən onlarçün oynayım.

 

Sportal.az


Digər xəbərlər

Xəbər xətti