"Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov komandanın baş məşqçisi Əsgər Abdullayevin hazırkı vəzifəsində saxlanılmasının səbəblərini açıqlayıb.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, klub rəsmisi jurnalistlərə açıqlamasında qərarın maddi məsələlərlə bağlı olduğunu deyib.
O bildirib ki, yeni əcnəbi məşqçinin gəlməsi əlavə xərc deməkdir: "Hər bir baş məşqçi gəldiyində yeni məşqçilər korpusu və futbolçular olmalıdır. Bizim məqsədimiz odur ki, yerli futbolçularla irəli gedək və inkişaf edək. Bizə tapşırıq verilib. Vəli Qasımovla İstanbula getmişdik və bir gündə beş əcnəbi məşqçi ilə görüşdük. Adlarını deməyəcəm, amma biz tapşırığı yerinə yetirdik və məlumat verdik. Əsgər Abdullayevin də hesabatı dinlənildi, nəticələri analiz olundu və belə qərar verdik. Klub çətin durumda olanda Abdullayev məsuliyyəti öz üzərinə götürdü və indi komanda hardasa stabil çıxış edir. Bir texniki məsələ qalır ki, avrokuboklarda çıxış etmək üçün mütləq baş məşqçi Pro kateqoriyalı olmalıdır. Bu məsələ ilə bağlı da ictimaiyyətə açıqlama veriləcək".
E.Məmmədov devalvasiya nəticəsində heyətdən hər hansı bir legioner futbolçunun getməsini istisna etməyib: "Bununla bağlı biz büdcəni analiz edirik. Bu gün də görüşlər olacaq. Dəqiq cavab verə bilməyəcəm. Futbolçunun komandaya gəlib-getməsi bir yerdə verilən qərarın nəticəsidir. Burada məşqçilər də qərar verirlər. Hər kəs "hə" dedikdən sonra həmin legioner heyətə cəlb olunur və ya heyətdən göndərilir".
İcraçı direktor Emil Mpenza üçün kəsilən 800 min dollar cərimənin ödənilməsindən də danışıb: "Cərimə kluba kəsilir və onu ödəmək üçün yollar axtarırıq. Artıq bəzi görüşlər olub və çalışacağıq ki, bu məsələni müəyyən sponsor, əlavə resurslar vasitəsilə həll edək. Çünki borc klubun adına yazılır. Bu gün klubun idarəedici orqanı, Müşahidə Şurası var və məsuliyyət bizim üzərimizdədir".