“Liverpul”un son transferi serbiyalı futbolçu Marko Qruyiçin atası oğlunun İngiltərəyə getməsini istəmir.
Sportarena.az xəbər verir ki, Markonun atası Qoran Qruyiç bu transferin həyata keçməsini istəmir. Ata Qruyiç “Srvena Zvezda”nın maliyyə problemlərini məhz oğlunun transferi sayəsində həll etməsindən narazıdır:
“Mən imkan vermərəm ki, kimsə oğlumun həyatını məhv etsin. Klubda işləyənlər pulsuz qalıb. İndi də vəziyyətdən çıxış yolunu oğlumun satılmasında görürlər. Ona güclü təzyiq göstərirlər. Az qala gündə 10 dəfə zəng edirlər və “Liverpul”la müqaviləyə qol çəkməsi üçün dilə tuturlar. Paltardəyişmə otağında da oğluma təzyiqlər var. Oyundaşları hesab edir ki, məhz Markonun satışından sonra klubdan borclarını ala biləcəklər. Mən də Markonun pasportunu özümdə saxlayıram. Buradan da elan edirəm ki, oğlum heç yerə getməyəcək. O, yeniyetmələr arasında dünya çempionudur və hazırda “Srvena Zvezda”yla ölkə çempionluğuna doğru addımlayır. Aydın məsələdir ki, gələn il onun qiyməti bir az da artacaq. Bəzi insanlar onu satmağa tələsir. Düzdür, baş məşqçi Miodraq Bojoviçin oğluma hörmət etdiyini bilirəm. Nə üçün oğlumu “Liverpul”da görmək istəmirəm? Çünki bizim gənc futbolçularımız orada möhkəmlənə bilmirlər: Corcoviç, Velkoviç, Toşiç, Markoviç, Pantiç... Yenə sayım? İvanoviç və Vidiçin taleyi başqa mövzudur. Onlar İngiltərə Premyer Liqasına xeyli təcrübə topladıqdan sonra gəliblər. Mən oğluma bələdəm. Onun İngiltərədə oynamaq gücündə olduğunu da bilirəm. Ancaq hazırda Premyer Liqa onluq deyil”.