Kalinkov: "Xəzər Lənkəran"ı tərk etməklə səhv etdim"

00:07 26 Dekabr 2015

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkov Moldova mətbuatına müsahibə verib. 
- Moldova millisində yaxşı oynadın və heyətdə möhkəmləndin. Bundan sonra "Xəzər Lənkəran"dan təklif aldın. Sənin yığmaya çağırılmağının Azərbaycan klubuna keçidinə kömək etdiyini söyləmək olar?
- Hər şeyin, eləcə də milliyə çağırılmağımın Azərbaycan klubuna keçməyimə köməyi olduğunu söyləyə bilərəm. Həmin vaxt mən artıq "Akademiya"da məşq edirdim, hətta oynadım da.
- Azərbaycan Premyer Liqasını daha öncə çıxış etdiyin Belçika və Hollandiya çempionatları ilə necə müqayisə edərdin?
- Həmin vaxt Azərbaycan çempionatı maraqlı keçirdi. Orada 5-6 güclü komanda çıxış edirdi ki, onlardan 3-4-ü böyük büdcəyə malik idi. Həmin klublar ildə futbolçusuna 100, 200 və ya 300 min pul ödəyirdi. Orada Avropadan olan bir sıra səviyyəli legionerlər çıxış edirdi. Hazırda Azərbaycanda iki komanda var: "Qarabağ" və "Qəbələ". Ancaq mənim vaxtımda "Bakı", "Neftçi", "İnter" və "Xəzər Lənkəran" da var idi. Bu 6 komanda bütün titullar uğrunda mübarizə aparırdı.
- Hər hansı komandaya qarşı "bir ayaqla oynamaq" necə, alındı?
- Mən Azərbaycan çempionatında 3:0 hesabından daha böyük nəticəni xatırlamıram. Darmadağın heç vaxt olmayıb.
- Maaşın harada daha yüksək idi? "Xəzər Lənkəran"da, yoxsa "Anderlext"də?
- Avropada əmək haqqı daha yüksəkdir. Ancaq Azərbaycanda da yaxşı maaş var idi. Sadəcə Avropada oynayarkən çox gənc idim. "Xəzər Lənkəran"da olanda isə artıq yetkin yaşa çatmışdım.
- Sənin mövsümün sonunda "Xəzər Lənkəran"dan maaşını artırmağı tələb etməyin və razılıq əldə olunmadığı üçün komandadan getdiyin yazıldı...
- Mən "Xəzər Lənkəran"da mövsümə 500 min dollar qazandım. Daha doğrusu 10 aya. Mənə yeni müqavilə təklif olundu. Hansı ki, məni qane edirdi və müqavilə imzalamağa hazır idim. Lakin həmin vaxt menecer mənə "Atletiko" (Madrid) və ya "Malyorka" ilə müqavilə vədini verdi. Təbii ki, İspaniyada maaş daha yüksək idi, ancaq mən daha güclü çempionatda oynamaq istəyirdim. Sonda elə alındı ki, nə Avropada oynadım, nə də Azərbaycanda.
- "Xəzər Lənkəran" sənin müntəzəm oynadığın son klub oldu. Sonra...
- Sonrası maraqlı olmadı. Moldova çempionatı maraqlı deyil.
- "Xəzər Lənkəran"dan sonra "Daçiya"ya transfer oldun... 
- Təəssüf ki, belə alındı. Çox təəssüf. Həmin vaxt Qazaxıstandan təklif var idi. Ancaq mən "Daçiya"ya üstünlük verdim. Bu qərarımı səhv adlandırmaq istəməzdim. Amma müəyyən qədər burada kiçik səhvim oldu. 

 


Digər xəbərlər

Xəbər xətti