Sumqayıt futbol məktəbi hər zaman ölkənin ən güclülərindən olub. Hələ SSRİ dövründə bu şəhərdən neçə-neçə güclü futbolçular çıxıb. Müstəqillik dönəmində də bu tendensiya davam edib. Mehman Yunusov, Kamal Quliyev, Aqil Məmmədov, İsmayıl Məmmədov, Zahir Əsgərov, Vüqar İsmayılov, Ruslan Poladov, Mahir Şükürov və s. Bu siyahıya bir futbolçunun da adını əlavə etmək olar. Söhbət Seymur Rəhimovdan gedir. Ola bilsin ki, o, Mehman, Kamal, Aqil, İsmayıl qədər tanınmayıb, amma istedadına söz ola bilməzdi. Bəlkə də onda olan sürət indiki futbolçularımızın hansındasa olsaydı həmin futbolçu çoxdan Avropada oynayardı. Seymur müstəqil çempionatımızın ilk illərinin liderlərindən olan "Xəzər”in formasını geyinənlərdən olub. Sabir Əliyevin 15-16 yaşından yüksək liqaya cəlb etdiyi futbolçulardan olan Rəhimov böyük gələcək vəd edirdi. Ancaq müyyən obyektiv və subyektiv səbəblərdən gözlənilən zirvəni fəth edə bilmədi. Bəlkə də məsuliyyətli olsaydı və rejimə əməl etsəydi, milli komandada da əvəzedilməz olardı. Bununla belə, o, öz oyunu ilə azarkeşlərin yaddaşında qalmağı bacardı. Düzdür, uzun müddət futboldan uzaq idi. Bir ara Rusiyada və Ukraynada restoran biznesi ilə məşğul oldu. Sonuncu dəfə Ukraynanın Poltava şəhərində olduğunu demişdi. Sonradan bu ölkədə baş verən məlum hadisələrdən sonra vətənə qayıtmalı olmuşdu. Yenə də futboldan uzaq idi. Lakin uşaqlıq dostu Samir Abbasovun "Sumqayıt”a baş məşqçi təyin olunması 10 ildən sonra onu yenidən böyük futbola qaytardı. Hazırda doğma şəhərinin komandasında məşqçi işləyir. Amma söhbətimiz heç də "Sumqayıt” ətrafında olmayacaq. Məqsədimiz keçmişə qayıtmaq, nostalji hissləri oyatmaq idi. "Xəzər”dəki debütündən, pula görə "Neftçi”ni seçib sonra peşman olmasından, "Kəpəz”lə oyundakı qalmaqaldan, Ağdamdakı əli avtomatlı əsgərlərdən, Adil Nadirovla davasından, rejimə əməl eməməsindən, bir sözlə, çox şeydən danışdıq. Buyurun oxuyun. Ümid edirik ki, sizin üçün də maraqlı olacaq.
- Seymur, uzun fasilədən sonra yenidən futbola qayıtdın. Bu, necə baş verdi?
- Samir Abbasovun sayəsində. Samir "Sumqayıt”a baş məşqçi təyin olunandan sonra sağ olsun, məni dəyərləndirdi, qiymətləndirdi və komandaya dəvət etdi. Onunla çoxdanın dostuyuq, qardaş kimiyik. Amma bununla belə, dəvət mənim üçün gözlənilməz oldu. Heç ağlıma da gəlmirdi ki, belə bir təklif ola bilər. Yanına çağırdı, mən də məmnuniyyətlə qəbul etdim. Sağ olsun, "Sumqayıt” rəhbərliyi də buna müsbət yanaşdı.
- Yəqin ki, futbol üçün çox darıxmışdın...
- Özü də necə...
- Neçə il idi futboldan uzaq idin?
- Hardasa 10 il olardı. Sonuncu dəfə 2005-ci ildə "Karat”da oynadım. Ondan sonra demək olar futboldan getdim. Daha sonra kommersiya ilə məşğul olmağa başladım. Çətin idi. Çünki mən futbolçu idim nə bilrdim kommersiya nədir?
- Nə əcəb qalıb futbolda işləmədin?
- İşləmək üçün gərək dəvət ola, dəstək ola. Necə ki, Samir Abbasov dəstək olub "Sumqayıt”a dəvət etdi. Elə bir dəvət olsaydı, niyə işləmirdim ki? Amma belə bir təklif olmadı. Deyən olmadı ki, Sumqayıt futbolundan Seymur Rəhimov adlı futbolçu da çıxıb, adı olub, sanı olub. 1989-90-cı ildə ustalardan ibarət "Xəzər” komandasına dəvət alanda 15 yaşım var idi. Sabir Əliyev məni əsas heyətdə meydana buraxırdı. Çıxıb Nazim Əliyev, Azər İsayev kimi futbolçularla yanaşı oynayrdım. Özü də kimlərə qarşı Faiq Cabbarova, Tofiq Məmmədova qarşı. İndi futbola qədəm qoyan yeni nəsil heç Seymur Rəhimovu tanımır. Gərək onlara bu haqda deyərdilər, tanıdardılar. Samir məni yenidən öz sevdiyim sənətə qaytardı. Allah onun ruzisini bol eləsin, səsi daha da ucalardan gəlsin.
- Sizin dövrün futbolu ilə indiki futbol arasında dəyişiklik çoxdur?
- Əlbəttə. O dövrlə indiki dövrün futbolunu müqayisə etdikdə çox şey dəyişib. Maket bizim də dövrdə var idi, amma bu cür istifadə olunmurdu. Bundan başqa, futbolçulara fərdi yanaşma, onlarla fərdi söhbət, fərdi hazırlıq da qeyd olunmalıdır. Bizim vaxtımızda bu cür yanaşma yox idi.
- Amma sizin nəslin futbolçuları deyir ki, o dövrün futbolu, o dövrün çempionatı daha güclü idi...
- Bilirsən, bu söhbət yəqin Argentinada da belədir. Bir nəslin futbolçuları özlərindən sonrakı nəsli bəyənmirlər. Bəlkə də biz cavan olanda o dövrün veteranları da eyni sözü bizim haqqımızda deyiblər. Yəqin ki, indiki nəsil də gələcək nəsil haqqında eyni fikri səsləndirəcək. Bu, bir növ ənənə halını alıb. Şəxsən mən deyə bilmərəm ki, bizim vaxtımızda belə idi, bizim vaxtımızda elə idi. Amma fərq ondadır ki, bizim vaxtımızda uşaqları məktəblərdən toplayırdılar. Məsələn, rəhmətlik Tofiq Rzayev bizim hamımızı məktəblərdən bəyənib futbola cəlb eləmişdi. İndi ancaq uşaqlar özləri futbol məktəblərinə gedirlər. Amma indiki dövrdə valideynlərin uşaqlara yanaşmasında fərq var. İndiki valideynlər övladlarına çox yaxındılar. Baxırsan ki, maşınla gətirib məşqə qoyur, məşqdən çıxan kimi də maşınla evə aparır. Özü gələ bilməsə də qardaşını, qohumunu göndərir. Özümü də bura aid edirəm. Amma biz o vaxt trolleybusun arxasından sallanıb məşqə gəlirdik. Əlbəttə ki, bizim də valideynlərimiz bizim üçün narahat olurdular, diqqətdə saxlayırdılar. İndiki dövrlə müqayisədə uşaqlarda daha çox sərbəstlik var idi.
- "Xəzər”in heyətində ilk oyununu xatırlayırsan?
- Səhv etmirəmsə, 1989 ya 90-cı ildə Ağdamda, "İmarət” stadionunda "Qarabağ”a qarşı oyun olub. SSRİ çempionatının zona yarışı idi. Əsas heyətdə meydana çıxmışdım. Həmin oyunda 0:1 hesabı ilə uduzmuşduq. Qolu Mehman Alışanov vurmuşdu. Həmin dönəmlərdə Qarabağ müharibəsi yavaş-yavaş başlayırdı.
- Həyəcan yox idi?
- Var idi. Təsəvvür edin, həmin vaxt 15 yaşımındaydım. Hətta yadımdadır hava ilə gələn topu saxlamaq üçün o qədər arxa-arxaya getdim ki, "zabor”dan aşıb meydandan kənara yıxılmışdım.
- Ampulan nə idi?
- Həmin oyunda hücumda oyayırdım. Lakin sonralar sürətimə görə Sabir müəllim məni cinah yarımmüdafiəçisi mövqeyinə çəkdi.
- "Qarabağ”la oyundan söz düşmüşkən, deyilənə görə, bu komanda ilə Ağdamdakı oyunlarınızın birində stadionun yaxınlığına qrad düşmüşdü deyə meydana çıxmaq istəmirdiniz..
- Bu hadisə 1992-ci ildə olub. Həmin oyunda mən ehtiyatda idim. Amma Aqil Məmmədov, Kamal Quliyev, İsmayıl Məmmədov meydanda idilər. İlk hissədən sonra uşaqlar oyuna çıxmaq istəmirdilər. Çünki təzyiq də çox idi. Təsəvvür edin, stadionun ətrafında əli avtomatlı əsgərlər dayanmışdılar. O təzyiq altından futbol oynamaq mümkün deyildi. Uşaqlar da buna görə ikinci hissəyə çıxmaq istəmirdilər. Hətta yadımdadı, Adil Nadirov bizim soyunub-geyinmə otağımıza gəlib İsmayıl Məmmədovun üstünə qışqırmışdı ki, "qorxursan?”. İsmayıl da rusdilli uşaq idi, cavab vermişdi ki, "hə bir az var” (gülür).
- Ümumiyyətlə, "Xəzər” yaddaşında necə qalıb? O dövrün komandası,kollektivi, maaşı, mükafatı, infrastrukturu və s.
- Kollektiv olaraq hər şey çox gözəl idi. Komandada Vaqif Sadıqov, Nazim Əliyev, Azər İsayev, Yaşar Vahabzadə kimi "ağsaqqal”lar var idi. Biz cavanlar da böyük-kiçik yeri bilmişik. Məsələn, Yaşar Vahabzadə yuyunub çıxmayana qədər heç birimiz hamama girməzdik. Digər məsələlərə gəlincə, təlim-məşq toplanışları elə burada olurdu. Bizim toplanışımız nə idi? Dəniz qırağı, Mehdi Hüseynzadə adına stadionun rezin qaçış zolağı və ikinci mərtəbədəki zal. Qaldığımız yer də ki, yaxınlıqdakı "Dalğa” mehmanxanası. Yeməyimizi də elə orda yeyirdik. İnsaf naminə, yeməklə bağlı heç vaxt problemimiz olmurdu. Komandanın həkimi var idi və qidalanma onun nəzarətində olurdu. Mükafat da alırdıq. Bundan başqa, ayda bir dəfə pulsuz ərzaq verirdilər. İnstitut məsələmizi həll edirdilər. Açığını deyim ali məktəbə düzəlməyimizdə futbolun çox böyük rolu olub.
- O vaxt evdən narazılıq olmurdu ki, futbolla məşğul olma, get oxu təhsil al filan?
- İlk vaxtlar atam futbola getməyimə qarşı idi. Anam isə mənə çox dəstək olub .
- Maraqlıdır, atan necə qarşı idi ki, sənin bütün oyunlarını tribunadan izləyirdi?
- Uşaq vaxtlarımı nəzərdə tuturam. Amma sonradan atam bütün oyunlarımı tribunadan izləyirdi. Özü də bir ayağı yox idi deyə, əl ağacında gəzirdi. Buna baxmayaraq bütün oyunlarıma gəlirdi. O adam futbol xəstəsi idi. Təsəvvür edin, o dövr zavodda işləyirdi, avtobus sürürdü və həmin avtobusla bizi pulsuz oyunlara aparırdı. Özü də ən çox İsmayıl Məmmədova görə. Çünki İsmayılı çox istəyirdi.
- İlk qolunu xatırlayırsan?
- İlini xatırlamıram, amma yadımdadır ki, Buzovnanın "Xəzri” komandasına vurmuşdum. Yağışlı hava idi, Sumqayltda oynayırdıq. Hesab da dəqiq yadımda deyil, ya 2:0, ya da 2:1 udmuşduq.
- O dövr Sumqayıt "Xəzər”i çox güclü idi. Amma çempion ola bilmədiniz. İlk ildə "Neftçi”, ikinci çempionatda isə "Qarabağ” qarşınızı kəsdi. Çempion olmağınıza nə mane oldu. Deyilənə görə, sizə qarşı kənardan təzyiqlər çox idi...
- O dövr bizə ən böyük təzyiq 1993-cü ildə "Kəpəz”lə yarımfinal oyununda olmuşdu. Həmin oyun indiki Respublika stadionunda keçirilirdi. Surət Hüseynovun dövrüydü və ən çox da təzyiqlər bu üzdən olurdu. Həmin vaxt "Kəpəz”lə iki gün oynamalı olduq. İlk gün dava düşdüyü üçün oyun yarımçıq dayandırıldı.
- Davaya səbəb nə olmuşdu?
- Hesab 0:0 olanda biz qol vurduq. Aqil Məmmdov topu qəbul edib qapıdan keçirdi. Ancaq gəncəlilər hakim Əmir Zamanova təzyiq etdilər ki, guya Aqil əllə oynayıb. Halbuki, orada əllə oyun yox idi. Hakim də öncə qolu qeydə almışdı. Lakin gəncəlilərin təzyiqindən sonra qərarını ləğv etdi. Dava da bundan sonra başladı. Ona görə də oyun yarımçıq dayandırıldı və səhəri gün yenidən oynanıldı. İkinci oyunda hesab açılmadı və qalibi müəyyən etmək üçün penalti zərbələri vuruldu. Həmin zərbələri də biz daha dəqiq yerinə yetirərək finala çıxdıq. Qapıçımız Rauf Salamov idi və qapıda möhtəşəm dayanmışdı. Hətta dişi də sınmışdı.
- Deyilənə görə, həmin dava-dalaşda Mehman Allahverdiyev Vüqar İsmayılova sillə vurmuşdu.
- Bəli, olmuşdu. Vüqar onda cavan idi. Mehman Allahverdiyev isə təcrübəli futbolçu. Mehman müəllimə indi də böyük hörmətimiz var, münasibətimiz də yaxşıdır. Sadəcə, həmin oyun elə idi ki, əsəblər, emosiyalar son həddə idi. Mehman müəllim də özünü saxlaya bilməyib Vüqara sillə vurmuşdu. Bu arada İsmayılov həmin oyunda sarı vərəqə aldığı üçün finalda "Qarabağ”a qarşı oynaya bilmədi. Bu isə bizim üçün ciddi itki idi.
- "Qarabağ”a qalib gəlib çempion olmağınıza nə mane oldu?
- Həmin oyunda hər hansı bir kənar təzyiq yox idi. "Qarabağ” öz gücünəqalib gəldi. Biz də güclü komanda idik, biz də qalib gələ bilərdik. Alınmadı. 0:1 uduzmuşduq. Qolu da səhv etmirəmsə, Yaşar Hüseynov vurmuşdu. Top Mehman Yunusova dəyib qapıdan keçmişdi.
- Dava-dalaşdan söz düşmüşkən, 2001-ci ildə "Qarabağ”da oynayanda sən özün də Adil Nadirovla dalaşmışdın. Həmin davanın səbəbi nə idi? Deyilənə görə, Nadirov komandasında sumqayıtlı futbolçunun oynamsını istəmirdi.
- Yox, söhbət Sumqayıt söhbəti deyildi. Çünki o vaxt məndən başqa Vüqar Quliyev, Mübariz Orucov kimi sumayıtlılar da "Qarabağ”da oynayırdı. Sadəcə, Adil müəllim rusların "Qarabağ”da oynamasını istəmirdi. Kudinov, Baxtın və s. Mən də rus futbolçuların tərəfini saxlayırdım ki, oynayırlar da, qoy oynasınlar. Bunun üstündə narazılıq olmuşdu. İndi düşünürəm ki, Adil müəllim haqlı idi. Belə baxanda sonradan həmin rusları komandada saxladılar, məni çıxardılar.
- Niyə?
- Bilmirəm. O vaxt baş məşçi Şahin Diniyev idi heç o da mənə nəsə demədi. İclas idi, Tərlan Əhmədov, İlham Yadullayev, Aslan Kərimov komandaya transfer olunmuşdular. Təlim-məşq toplanışına getməli idik. Siyahı oxundu, adım çəkilmədi. Səbəbini özüm də bilmədim. Hansı ki, həmin mövsümü pis oynamamışdım. Şahin Diniyev bir sıra futbolçuları komandaya götürməmişdi ki, məni götürmüşdü. Elə "Qarabağ”dan ayrılandan sonra deyərdim ki, futbolum da bitdi. Baxmayaraq ki, sonradan "Gənclərbirliyi”ndə, "Karat”da oynadım, lakin karyeramda eniş başlamışdı.
- Yeri gəlmişkən, Adil Nadirovla münasibətiniz indi necədir?
- Əla. Adil müəllimi özümə ağsaqqal bilirəm. Azərbaycan futbolunda möhür vurmuş insandı, atamla da yaxın dost olublar.
- "Qarabağ”dan əvvəl "Neftçi”də də oynamışdın. Özü də Əhməd Ələsgərovun dövründə. Bildiyimə görə, "Nefçi”dən əvvəl Ağasəlim Mircavadov səni "Şəmkir”ə dəvət etmişdi. Niyə "Şəmkir”i yox, "Neftçi”ni seçdin?
- Bunu futbolu karyeramın ən böyük səhvi hesab edirəm. Heç kimi günahlandırmıram, sırf öz səhvim idi. Həmin vaxt "Şəmkir” Bakıda təlim-məşq toplanışında idi. Səhv etmirəmsə, "Krivbass”la UEFA Kubokunun oyununa hazırlaşırdı. Ağasəlim Mircavadov məni dəvət elədi ki, gəl, söhbət edək. Mən də artıq tamamilə "Şəmkir”ə köklənmişdim və ertəsi gün müqavilə bağlamağa gedirdim. Gecə Kamal Quliyev gəldi ki, bəs, Əhməd Ələsgərov səni "Neftçi”də görmək istəyir. "Şəmkir”dən imtina elə, gəl "Neftçi”yə. Həmin vaxt həyatımın ən böyük səhvini elədim ki, "Şəmkir”ə deyil, "Neftçi”yə keçdim. "Neftçi”yə keçdim və bununla da rusların sözü olmasın "qluxoy zapas” oldum.
- Bəlkə pula görə "Neftçi”ni seçdin?
- Yəqin ki. Halbuki "Şəmkir”ə getsəydim, həm çempion olardım, həm də daha çox oynmaqla irəli gedərdim.
- Bəs, "Neftçi”də niyə "qluxoy zapas” oldun? Əhməd Ələsgərov səni niyə oynatmadı?
- (Qeyri-adi, bir az da əsəbi tonda) Çünki Kamal Quliyevin karyerasının pik həddi idi. Ona görə də ehtiyatda oturdum.
- Bilirdinsə Kamal orda olacaq, getməzdin də...
- Düzdür, gərək getməzdim. Çünki Kamal o vaxt ölkənin ən güclü futbolçularından idi, milli komandanın üzvü idi. Mən gərək gözləyərdim və ya dua edərdim ki, Kamal nə vaxtsa zədə alsın, mən oynayım. Elə nakişiliyi də bacarmıram. Kamal özü haradasa vacib olmayan görüşlərdə oynamayıb, mənə oynamaq imkanı yarada bilərdi. O da olmadı.
- Buna görə Kamaldan incimirdin ki, heç olmasa zəif komada ilə oynayırıq, dincəl, mən oynayım?
- Yox, aramızda heç vaxt elə dialoq olmayıb. Çünki Kamalla yaxın dost olmuşuq, bir yerdə futbol oynamışıq. Amma indi düşünürəm ki, gərək buna gedəydim. Bəs, dosta da deməyəndən sonra probemini kimə deməlisən?
- Amma Əhməd Ələsgərovdan sonra bir ara oynamaq şansı qazandın...
- Elədir. Asəf Namazovun vaxtında bir az oynadım. Asəf müllim də çox qalmadı "Neftçi”də.
- "Hit Qoritsa” ilə oyunda sonra postundan getdi...
- Bəli. Evdə o komandanı 1:0 məğlub etdik. Müşviq Hüseynov 29-cu saniyədə qol vurnuşdu. Ancaq səfərdə 1:3 uduzub mübarizəni dayandırdıq.
- Sloveniyadakı oyunda son dəqiqəyə qədər hesab 1:1 idi. Ancaq əlavə olunmuş dəqiqələrdə 2 top buraxaraq məğlub oldunuz. Həmin oyun haqda o vaxt çox danışıldı. Deyilənə görə, bir qrup futbolçu Asəf Namazova "torba” tikmək üçün bilərəkdən oyunu vermişdi. Düz söhbətdi?
- Yox, mən buna inanmıram. Çünki Müşviq Hüseynov, Bəxtiyar Musayev, Kamal Quliyev orada elə oyun sərgilədilər ki, inanmıram kimsə nə vaxtsa elə futbol oynaya. Sadəcə, şanssızlıq. Ola bilsin uğursuz əvəzləmələr də sözünü dedi. Yəni, mənimlə Vadar Nuriyevin meydana çıxması səhv əvəzləmə ola bilərdi. Amma yenə deyirəm, bilərəkdən oyunun verilməsi inandırıcı deyildi. Birincisi, həmin oyuna yaxşı mükafat qoyulmuşdu. Eşitdiyimə görə, rəhmətlik Adil Paşayev qələbəyə görə adambaşına 5000 dollar mükafat verəcəkdi. İkincisi, həmin mərhələni keçsəydik, növbəti etada İtaliya nəhəngi "Roma” ilə üz-üzə gələcəkdik. Ola bilsin ki, Namazova "torba” hazırlanırdı. Amma məhz "Hit Qoritsa” ilə oyunun bilərəkdən uduzulmasına inanmıram.
- Bildiyimə görə, rejimə əməl edən futbolçu olmamısan. Özün də bunu etiraf edirsən?
- Etiraf edirəm ki, futbol oynadığım dönəmdə siqaret də çəkmişəm, içki də içmişəm. Cavanlıq səhvi idi. Ola bilsin ulduz xəsəliyinə də tutulmuşdum. Bu gün o hərəkətlərimə görə peşmanam.
- Bilirik ki, Ukraynanın Poltava şəhərində restoran işlədirdin. Yerli yeməklər verirdiniz, yoxsa Azərbaycan?
- Hamısı milli yeməklərimiz idi. Restoranın adı Azərbaycan idi. İlk vaxtlar sadəcə, nəzarət edirdim. Sonradan gördülər ki, təşkilatçılığı yaxşı bacarıram, bütün idarəetməni mənə həvalə etdilər.
- Həmin an futbol yadına düşürdü?
- Futbol heç vaxt yadımdan çıxmayıb. Ukraynadan başqa Rusiyada da restoran biznesində çalışmışam. Təsəvvür edin ki, elə vaxt olurdu gecə saat 3-də evə qayıdırdım və oturub öz-özümə fikirləşirdim ki, bu nə işdi işləyirəm? Axı, indi mənim futbolda olan vaxtımdır. Ancaq içimdə inam var idi ki, yaxın zamanlarda futbola qayıdacam. Sanki ürəyimə dammışdı.
- Övladlarından yolunu davam etdirən var?
- Oğlum "Sumqayıt” Futbol Akademiyasında oynayır və Vüqar Quliyevin qrupundadır - U-16 komadasında. Açığı, hələ ki, özümü onda görə bilmirəm. Məndə olan sürət onda yoxdur. Amma ola bilsin sürəti olmasa da, ağlının hesabına yaxşı futbolçu kimi yetişə. Mən də lazım olan məsləhətləri ona verirəm və çalışıram ki, buraxdığım səhvləri təkrarlamasın.
"Het-trik news” qəzeti