"Xəzər Lənkəran" akademiyasının ili: 2015-in yekunları

22:51 29 Dekabr 2015

Yola saldığımız 2015-ci il “Xəzər Lənkəran” akademiyası üçün istər nəticə, istər yetirmələrin əsas heyətdə çıxışı, istərsə də onların milli komandalara cəlb olunması baxımından ən uğurlu il oldu.
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hal-hazırda Gənclər İnkişaf Proqramının koordinatoru İlhan Akgülün ümumi rəhbərliyi altında “Xəzər Lənkəran”ın bütün yaş qrupları öz qruplarında liderlər sırasında yer alıb.
 
Hafiz Əliyevin rəhbərlik etdiyi U-19 komandası hal-hazırda 23 xalla 3-cü pillədə qərarlaşıb. U-19 liqasında ən az qol buraxan (6 top) komanda məhz “Xəzər Lənkəran”dır. Komandamızı ilk pillədən 5 xal ayırır.
 
Ağadadaş Həmidovun başçılıq etdiyi U-17 qrupu hal-hazırda 23 xalla 5-ci pillədədi. Lakin dünən AZAL-a qarşı keçirilməli olan oyun rəqibin oyuna gəlməməsi səbəbindən baş tutmadığı üçün komanda ili 26 xalla 4-cü pillədə başa vurduğunu deyə bilərik. Aparıcı oyunçular İbrahim Qədirzadə və Yusif Həsənovun əvəzedici və əsas komandalar, həmçinin U-17 milli komandasının heyətinə cəlb edilməsi bu qrupun nəticələrinə bir qədər təsir göstərsə də, ümumilikdə nəticəni ürəkaçan hesab etmək olar.
 
Namiq Qarayevin rəhbərlik etdiyi U-16 komandası 24 xalla 3-cü pillədədir. İlk pillə ilə xal fərqi böyük olsa da, ikinci yerdən komandanı 4 xal ayırır. Bu qrupdan da Xəqani Sadıqov, Nurlan Fərəcli və Sübhan Məmmədli kimi aparıcı futbolçuların vaxtaşırı əvəzedici komandaya cəlb olunduğunu qeyd edək.
 
Bu mövsüm ən uğurlu çıxış edən qrup isə U-15 komandasıdı. Mircəlal Əliyevin yetirmələri hazırda 49 xalla 2-ci yerdə pillədə qərarlaşıblar. Qeyd edək ki, sıx oyun qrafikinə malik bu liqada ilin son turunun oyunları bugün keçirildi. 16 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, 66 vurulan və 6 buraxılan top – U-15 komandası hazırkı statistikası belədir. Komandanın futbolçusu Tural Bayramov isə 27 qolla çempionatı bombardirlər siyahısına başçılıq edir.
 
Regional liqalarda çıxış edən kiçik yaş qruplarımız da ili müsbət notlarda başa vurdu. U-10, U-12, U-13 və U-14 komandaları 1-ci pillədə, U-11 komandası isə 2-ci pillədə qərarlaşıb.
 
Bu il “Xəzər Lənkəran” futbolçularının milli komandanın müxtəlif qruplarına çağırılması ilə də yadda qaldı. Bu il rekord sayda yetirməmiz təlim-məşq toplanışlarında və rəsmi matçlarda Azərbaycan millisinin şərəfini qorudu. İlyas Səfərzadə (U-21 milli komandası), Heydər Babayev (U-19 milli komandası), İbrahim Qədirzadə, Yusif Həsənov, Kamal Dənziyev və Kənan Həsənov (hamısı – U-17 milli komandası), Cəlal Hüseynzadə (U-18 milli komandası), Fərid Əsədov və Maqsum Qəmbərli (U-20 milli komandası) bu il ərzində millinin müxtəlif yaş qruplarına dəvət olunan “Xəzər Lənkəran” yetirmələridir.
 
Elnur Cəfərov isə bu il ərzində U-19, U-21 və “A” milli komandasının heyətində forma geyinməklə yadda qaldı. Əsas millinin heyətində oyuna çıxan ilk “Xəzər Lənkəran” yetirməsi məhz Cəfərov oldu. Bir müddət sonra isə klubun daha bir yetirməsi Elşən Rzazadə əsas milliyə dəvət aldı.


Digər xəbərlər

Xəbər xətti