"Bizim şərtlər daha cəlbedici idi, ancaq o, “Qarabağ”ı seçdi"

21:26 30 Dekabr 2015

Bu il 10 illik yubileyini qeyd edən “Qəbələ” İdman Klubu tarixinin ən ugurlu dövrünü yasadı. Çoxsaylı nailiyyətlər arasında ən yaddaqalanı, sözsüz ki, əsas futbol komandanın ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxıs etməsi oldu. Klubun vitse-prezidenti Fariz Nəcəfovla genis müsahibəmizdə yola saldıgımız 2015-ci ilə bir daha nəzər yetirdik, olan-keçənləri dəyərləndirdik, qarsıda duran vəzifə və məqsədlərdən danısdıq.

– “Qəbələ” İdman Klubu üçün 2015-ci il hansı hadisələrlə yadda qaldı?

– 2015-ci il klubumuz üçün uğurlu dövr kimi yadda qaldı. Əsas komandamız növbəti dəfə Azərbaycan çempionatını mükafatçılar sırasında başa vuraraq, Avropa Liqasında da parlaq çıxış etməklə klub tarixində yeni səhifə açdı. Akademiyamızın yetirmələri - Amil Yunanov, Müşfiq Teymurov, Kamal Mirzəyev, Sadiq Quliyev, Tellur Mütəllimov, Tərzin Cahangirovun Premyer Liqada çıxış etmələri bizi sevindirməyə bilməz. Bu uğurlarla yanaşı, digər idman növlərində də kifayət qədər nəticələrə nail olmuşuq. “Qəbələ” idmançıları dünya və qitə cempionatlarında 8 medal (5 qızıl,1 gümüş, 2 bürünc - müəl.), Avropa və dünya kuboklarında 10 medal (3 qızıl, 3 gümüş, 4 bürünc – müəl.), Qran pri turnirlərində 4 medal (2 bürünc, 2 gümüş), peşəkar döyüş növlərində 8 qələbə (Pərviz Abdullayev – 3, Fariz Məmmədov – 2, Bəxtiyar Abbasov – 2, Nəriman Abbasov – 1) qazanıblar. “Bakı-2015”də “Qəbələ” idmançıları 2-si qızıl olmaqla, ümumilikdə, 5 medal əldə ediblər. İlin sonunda Azərbaycanın taekvondo yığması Dünya Kubokunu qazandı. Qalib heyətdə “Qəbələ” idmançısı Məhəmməd Məmmədovun da olması bizim üçün əlamətdar haldır. Qəbələdə futbolla yanaşı, digər idman növlərini də inkişaf etdirməyə çalışırıq. Bölgədə dünyaya göz açan uşaq və yeniyetmə idmançılarımız artıq cüdo, güləşdə nəticə verməyə başlayıblar. Klubun Qəbələ rayon cüdo bölməsinin yetirməsi İmran Yusifov bu günlərdə yeniyetmələrin Azərbaycan çempionatının qalibi oldu. Bu, uğurlar bizi çox sevindirir və bölgədə idmanın inkişafı üçün çalışan klubumuzun doğru yolda olduğunu göstərir. İnanıram ki, uğurlarımız növbəti illərdə daha çox olacaq.


– Cüdo, taekvondo, boks, güləş, atıcılıq və karate idman növlərinin təbliği və inkişafı istiqamətində klubun gördüyü işlər göz önündədir. Amma gəlin razılaşaq ki, bu il ən parlaq uğura futbolda imza atılıb. Sizcə, komandamız Avropa Liqasında, ilk növbədə hansı cəhətlərinə görə seçildi?

– Tək idmanda deyil, həyatda da uğur qazanmaq üçün insanda müəyyən meyarlar olmalıdır. Bu sırada ən vacib keyfiyyətlərdən
biri istəkdir. İstək olmadan heç nəyə nail olmaq mümkün deyil. Sevinirəm ki, dediyim bu keyfiyyətlər baş məşqçimizdə mövcuddur. Roman Qriqorçuk bu xüsusiyyətləri futbolçularda da qabarda bilib. Hesab edirəm ki, komandamızın göstərdiyi dəst-xətt futbolçuların nümayiş etdirdiyi xarakterdən irəli gəlir. Məlumdur ki, Tiflis “Dinamo”su ilə matçdan başlayaraq Avropa Liqasında bütün oyunlarımız olduqca gərgin keçib. Biz çox çalışırdıq ki, müxtəlif səbəblərdən irəli gələn gərginlik futbolçulara sirayət etməsin. Onların bu yükün altında çıxması göstərir ki, komandada ümumi formalaşmış xarakter var. Bu, məni sevindirir.

– Avropa Liqasında uğurlu çıxışdan sonra “Qəbələ”yə münasibət yaxşı mənada çox dəyişib...

– Mən “Qəbələ” yarandığı vaxtdan klubda olduğumdan həm ölkə daxilində, həm də xaricdə bizə qarşı dəyişən münasibəti, daxilən yaşamışam. “Qəbələ” bu ilə ölkədə çox sevildi, azarkeşlərin rəğbətini qazana bildi. Bununla bərabər, xaricdə də bu sevgini, diqqəti gördük. Adi bir misal çəkim. Almaniyada olarkən Dortmund “Borussiya”sının azarkeşindən “Qəbələ” haqda soruşanda Dodo, Qay, Fakundo kimi futbolçularımızın adlarını çəkdi. Almaniya kimi futbol ölkəsində “Qəbələ” futbolçularının tanınması qürurverici faktdır. Klubun tanınmasının komandaya futbolçu cəlb etmək baxımından faydasını gördük. Bəllidir ki, yaxşı əcnəbi futbolçunu Azərbaycana gətirmək asan deyil. Xüsusilə əyalət komandasına. Hətta elə olub ki, futbolçu Qəbələdə bir gün qalıb, səhərisi getmək istədiyini deyib. Avqustda PAOK-dan icarəyə götürülən Fakundo Pereyra çox güclü futbolçudur. Baş məşqçimiz bu futbolçunun qalmasını çox istəyirdi. Ancaq Saloniki kimi tanınmış şəhərdən gələn argentinalı Qəbələdə toparlanıb bacardığı futbolu göstərə bilmədi. Yunanıstanda, digər Avropada ölkələrində sosial həyat tərzi bir qədər fərqlidir.

– Avroliqada iştirak “Qəbələ” futbolçularına böyük təcrübə qazandırdı. Bəs klub olaraq, idarəçilikdə nələrə nail olduq?

– 2009-cu ildən, futbol akademiyamız təşkil ediləndən bu yana Avropa klublarının idarəetmə sistemləri ilə tanış olmağa başlamışıq. O dövrdən etibarən klubda Azərbaycan üçün real, keçərli olan müəyyən yenilikləri tətbiq etməyə çalışırıq. Hesab edirəm ki, bu məsələdə bəlli bir nöqtəyə çatmışıq. Avropa Liqası çərçivəsində oyunların təşkil də kluba böyük təcrübə qazandırdı. Doğrudur, buna qədər həm futbol, həm də digər idman növlərində müxtəlif beynəlxalq yarışlar keçirmişik. Ancaq qitəmiqyaslı klub turnirinə ev sahibliyi etmək, həqiqətən, çətindir. Burada tələblər çox ciddidir. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik. Bu sahədə bizə əsas qiyməti UEFA verdi. Xırda səhvlər olsa da, ümumilikdə, UEFA nümayəndələrindən müsbət qiymət ala bildik.

– Roman Qriqorçuka ikinci dəfə etimad göstərildi. Onunla müqavilənin uzadılması qış fasiləsinədək planlaşdırılmışdı?

– Roman Qriqorçukla müqavilə müddəti daha 1 il uzadıldı. Bunu həm də ona görə etdik ki, 5 ay sonra avrokuboklara vəsiqə qazanacağımız halda onunla yenidən müqavilə barəsində danışmalı, alınmayacağı təqdirdə isə yeni baş məşqçi axtarmalı olmayaq. Bu halı artıq bir dəfə - Yuri Syominin dövründə yaşamışdıq. Bunun təkrarlanmaması üçün baş məşqçi ilə müqavilə başa çatmamış müddətini artırdıq. Qriqorçuk güclü məşqçi olduğunu işi ilə göstərib. Məşqçi keyfiyyətləri ilə bərabər onun xarakteri, mentaliteti də bizə çox yaxındır. Qriqorçuk tam biz istədiyimiz mütəxəssisdir.

– Roman Qriqorçukun üzərinə yeni öhdəlik qoyulubmu?

– Xeyr. Qriqorçuk “Qəbələ”yə gələrkən qarşısına çempion olmaq, kubok qazanmaq, minimum nəticə kimi avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmuşdu. Avropa Liqasının qrup mərhələsinə düşmək o zaman ali məqsəd deyildi. İndi isə əsas məqsəd müntəzəm olaraq avrokuboklarda mübarizə aparacaq sabit komanda yaratmaqdır.

– Futbol ictimaiyyətində belə fikirlər səslənir ki, “Qəbələ”də yerli futbolçular istənilən səviyyədə deyillər və əsas rəqiblərindən olan “Qarabağ” bu komponentdə bizi istələyir. Bu fikirlərlə razısınız?

– Bu məsələ haqda bir daha açıqlama vermək istəyirəm ki, mövcud vəziyyət aydın olsun. Futbolçuların gündəlik həyatı, sosial və məişət qayğıları baxımından Bakı klubları ilə əyalət komandaları arasında fərq var. Bu, həm yerli, həm də əcnəbi futbolçulara münasibətdə belədir. Futbolçu istəyir ki, paytaxtda, ailəsinin yanında yaşasın. Rahid Əmirquliyevin son seçimi buna nümunədir. Rahidin keçidi üçün bizim irəli sürdüyümüz şərtlər daha cəlbedici idi. Ancaq o, “Qarabağ”ı seçdi. Yerli oyunçu baxımından “Qarabağ” daha zəngin heyətə malikdir. Bu da indicə qeyd etdiyim səbəblə bağlıdır. Bizim yerli futbolçular da kifayət qədər potensiala malikdirlər.

– Qış fasiləsində heyətin gücləndirilməsi yönündə hansı addımlar atılır?

– Yeni transferlərlə bağlı baş məşqçi ilə söhbətimiz olub. Heyəti tərk edən 5 futbolçunun yerinə, hələ ki, 2 futbolçu axtarırıq: hücum və yarımmüdafiə mövqeyinə. Mümkündür ki, heyətə bir yerli futbolçu da cəlb edək. Ümumilikdə isə baş məşqçimiz 3 yeni futbolçu istəyir. Bildiyiniz kimi, Avropa Liqasının qrup mərhələsi ərəfəsində heyətə 5 yeni futbolçu cəlb etdik. Onların tam hazır olmadıqlarını bilə-bilə bu addımı atmalı olduq. Çünki “Qəbələ” 3 turnirdə – çempionatda, kubokda və Avropa Liqasında mübarizə apardığından bizə geniş heyət lazım idi. Çox təəssüf ki, bu futbolçulardan bəziləri komandaya tam uyğunlaşa bilmədilər.

– Premyer Liqamızın səviyyəsini əvvəlki illərlə müqayisə edərdiniz. Sizcə, hazırkı çempionatın əsas özəlliyi nədədir?

– Futbolumuzun inkişafını istəyiriksə, sözsüz ki, güclü rəqabət olmalıdır. Lakin ümumilikdə maliyyə böhranı klublar arasında rəqabətin arzuolunan səviyyədə getməsinə mane olur. Ümid edək ki, növbəti illərdə vəziyyət yaxşılaşacaq və çempionatın səviyyəsi daha da yüksələcək. Mən digər məsələyə də toxunmaq istəyirəm. Komandalarımızın avrokuboklarda daha uğurlu çıxış etməsini istəyiriksə, zənnimcə, legioner limitini 5-dən 4-ə endirməliyik. Çünki Azərbaycanda yerli futbolçu potensialı yüksək deyil.

– Limit məsələsiylə bağlı təkliflə müraciət etməyi düşünürsünüzmü?

– Təklif şəklində verməmişik, amma AFFA Klublar Komitəsinin iclasında bu məsələni qaldırmışam. Sözsüz ki, hazırkı limit cari çempionat üçün qüvvədədir. Ola bilsin, yaxın 2-3 ildə Azərbaycanda yerli futbolçu baxımından yaxşı potensial yaransın. Biz “Qəbələ”də bu potensialı görürük və yaxın gələcəkdə 5 nəfərlik limit yetərli ola bilər.

– Azərbaycan futboluna xas olan azarkeş qıtlığı gündəmdən düşmür. Bu sahədə “Qəbələ” hansı işləri görür, yaxud görməyi planlaşdırır?

– Futbol azarkeşlər üçün oynanılır. Təəssüf ki, çempionatın ən vacib matçlarında belə stadiona 50-60 nəfər gəlir. “Qəbələ” İdman Klubu bu sahədə çox iş görür. Bunun üçün Qəbələdə müntəzəm layihələr gerçəkləşdirilir. Gələcəyin azarkeşini qazanmaq üçün məktəblilər arasında iş aparılır. Klubu sevdirməyə çalışırıq və hardasa buna nail oluruq. Mənə elə gəlir ki, yaxın vaxtlarda stadionumuzu doldurmağı bacaracağıq. Bir daha azarkeşlərə üzümü tutub onları stadiona dəvət edirəm. Azarkeşsiz futbol oynamaq nə bizə, nə də futbolçulara xoşdur.

– Akademiyanızın sabiq direktoru Stenli Brard postundan getdi. Boş qalmış vəzifəyə yeni mütəxəssis axtarılırmı?

– Açığı, Brardın gedişi bizim üçün gözlənilməz oldu. Bu məsələ, ümumiyyətlə, gündəmdə deyildi. Lakin bir qədər əvvəl o, bizə Yaponiyadan, vaxtilə işlədiyi klubdan çox sərfəli şərtlərlə təklif aldığını bildirdi. Onunla danışdıq, “Qəbələ” də gördüyü işlərə, çəkdiyi zəhmətə görə təşəkkür etdik və yeni işində uğurlar arzuladıq. Cari mövsümün sonunadək direktor vəzifəsini akademiyanın baş məşqçisi Halim Fıçıcı icra edəcək. Yeni direktorla bağlı axtarışa başlamışıq. Bizə uyğun mütəxəssis tapmağa çalışırıq ki, görülən işlər yarımçıq qalmasın.

– 2016-cı ildə “Qəbələ” İdman Klubunun qarşısında hansı məqsədlər durur?

– Məqsədimiz bütün idman növlərində potensialımızın çatdığı qədər nəticələr əldə etməkdir. İnanıram ki, “Qəbələ” idmançıları
beynəlxalq miqyasda yeni-yeni nailiyyətlər əldə edəcəklər.

Mehman SÜLEYMANOV,
"Qəbələ" İK" qəzeti


Digər xəbərlər

Xəbər xətti