Azərbaycanlı futbolçuları istəyən məşqçi qovuldu

10:40 4 Yanvar 2016

Türkiyənin "Mersin İdmanyurdu" klubu baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırmağa qərar verib. Sportarena.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Süleyman İdin açıqlama yayıb.

 

O, bəyan edib ki, klubun idarə heyətinin son iclasında baş məşqçi ilə yolların ayrılması qərara alınıb: "Artıq bu barədə qərarımızı Büləntin özünə də çatdırmışıq. Sabah onunla bir daha görüşüb, qarşılıqlı razılıq əsasında ayrılmağa çalışacağıq. Daha sonra isə yeni baş məşqçi axtarışına çıxacağıq".

 

Vitse-prezident baş məşqçi ilə yanaşı, komandadan ayrılacaq dörd futbolçunun da adını açıqlayıb.

 

Maraq üçün qeyd edək ki, bir neçə gün idi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevlə "Sumqayıt"ın hücumçusu Tural Rzayevin "Mersin İdmanyurdu"na keçidi gündəmdə idi. Futbolçularımızı Super Liqa klubuna məhz vaxtilə "Bakı"nı çalışdırmış Qorxmaz dəvət edirdi. Amma onun istefasından sonra böyük ehtimalla Qara ilə Turalın Türkiyə klubuna keçidi də baş tutmayacaq. Halbuki, Qarayevdən fərqli, Rzayevin bu kluba keçməsinə "Sumqayıt" tərəfindən heç bir problem yaradılmayacağı bildirilirdi.


Digər xəbərlər

Xəbər xətti