Peşəkar Futbol Liqası 9 klubun yeni futbolçu transfer etməsinə qadağa qoyub.
Sportarena.az xəbər verir ki, bu barədə PFL prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində açıqlama verib. O bildirib ki, Premyer Liqada "Qarabağ"dan başqa digər klublar borclarını ödəməyənədək bu qərar qüvvədə olacaq. Musayev ilkin mərhələ olaraq, bu addımı atdıqlarını, nəticə verməyəcəyi halda, komandalardan xalların silinəcəyini və onların I Diviziona göndəriləcəklərini vurğulayıb:
"Belə qərara gəldik ki, qış transfer dövründə borcu olan klublara qadağa qoyaq. Yəni ki, hansı klubun borcu varsa yeni transferlər edə bilməsin. "Qarabağ"dan başqa heç bir klub transfer edə bilməyəcək. Yeni transferlər istəyirlərsə borclarını ödəsinlər".
PFL prezidentinin dediyinə görə, klubların vəziyyəti o qədər acınacaqlıdır ki, satdıqları topların pulunu da ala bilmirlər: "Elə bilirlər PFL top gətirib sataraq qazanc əldə edir. Onlar yaxşı bilirlər ki, bizim gətirdiyimiz toplar dükanda satılan toplardan dəfələrlə ucuzdur. Əvvələr məşqi bir topla, oyunda isə 5-10 manatlıq topla oynayırdılar. Belə olan halda futbolçularımız yaxşı oynaya bilmirdilər. PFL-in toplarının belə pulunu verə bilməyən komandalar xaricdə təlim-məşq toplanışına gedirlər, alqışlayıram. Bəs niyə borclarınızı vermirsiz?".