Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.tv-nin əməkdaşı, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Samir Mustafayev, Camal Məmmədov, Kənan Mədətov və Arif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sportarena.az "lent.az"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş şəxsin hüququ varisinin vəkili Fariz Namazlı vəsatətlərlə çıxış edib. O, işin yenidən istintaqa qaytarılmasını istəyib. Vəkil vəsatətini bununla əsaslandırıb ki, R.Əliyevin ölümündə onu müayinə və müalicə edən həkimlərin də təqsiri var. F.Namazlının digər vəsatəti isə futbolçu Cavid Hüseynov barədə açılmış cinayət işinin bu işdən ayrılaraq, ayrıca icraata götürülməsi ilə bağlı olub. Vəkil C.Hüseynovun işinin də bu cinayət işinə birləşdirilməsini istəyib. Məhkəmə vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan hakimlər vəsatətlərdən birincisini rədd edib, ikincisini isə baxılmamış saxlayıb. Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.