Tuyqun Nadirov: "Biz öz topumuzla oynayırıq"

22:11 5 Yanvar 2016

"İlk olaraq Ramin Musayevin bayramını təbrik edirəm. Ola bilər ki, köməkçiləri onu düzgün məlumatlandırmayıblar. Çünki Peşəkar Futbol Liqası qadağa qoyan qurum deyil".
Sportarena.az xəbər verir ki, bunu "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov PFL prezidenti Ramin Musayevin borc səbəbindən klublara transfer qadağasının qoyulduğuna dair fikirlərinə münasibət bildirərkən deyib.

T.Nadirov "Xəzər Lənkəran"ın borcu olduğunu gizlətməyib. Klub rəsmisi buna baxmayaraq, PFL-in transfer qadağası qoymaq hüququna malik olmadığını söyləyib: "Xəzər Lənkəran" həmişə pulu birinci ödəyən klublardandır. Düzdür, bizim borcumuz var, amma bu da ödəniləcək. Alacaqlarımızı aldıqda borclar ödəniləcək. Baş sponsordan əlavə, sponsorlarımız da var. Onlar da müəyyən qədər dəstək olurlar. Digər tərəfdən, yayım məsələsi var. Biz bunu inkar etmirik, verəcəyimiz var. PFL-i də başa düşürük, onlar çempionatı təşkil edir, çempionatı yüksək səviyyədə keçirirlər. Ancaq yardımçıları ona düzgün məlumat verməyiblər. Çünki bu işə sırf AFFA İntizam Komitəsi baxır. Klubun legionerlərə görə üzvlük haqqı ödənişinə borcu var. Ancaq biz PFL-dən top almamışıq, xaricdən gətirmişik. Ola bilsin, top məsələsini Ramin müəllim zarafatca deyib. Biz öz topumuzla oynayırıq. Akademiyamızı isə müqaviləmiz olduğu üçün "Puma" şirkəti topla təmin edir".

Vitse-prezident komandanın qış təlim-məşq toplanışını ölkədən kənarda keçirməyəcəyini və xaricə getməyəcək klublar arasında təşkil olunacaq turnirdə iştirak edəcəyini bildirib. T.Nadirov bir müddət əvvəl komandadan ayrılan qapıçı Orxan Sadıqlının geri döndüyünü də söyləyib: "Orxan gəlib dedi ki, başqa klublardan istəyən var və getmək istəyirəm. Biz də problem yaratmadıq, müqaviləsinə qarşılıqlı şəkildə xitam verdik. Bir neçə gündən sonra baş məşqçiyə geri qayıtmaq istədiyini bildirib. "Xəzər Lənkəran"a kimlərin gəlib, kimlərin gedəcəyinə baş məşqçi qərar verir. Baş məşqçi fikrində qətidirsə, Orxan komandada qalacaq. O bizim dəyərli yetirmələrimizdən biridir". (report.az)


Digər xəbərlər

Xəbər xətti