Beynəlxalq Cüdo Federasiyası Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziyaları uğrunda mübarizə aparan idmançıların bütün xallarını və nəticələrini hesablayaraq, Olimpiya reytinqini açıqlayıb.
Sportarena.az xəbər verir ki, cari statistik göstəricilərə görə, "Neftçi İdman Klubu"nun cüdoçuları Olimpiya oyunlarında iştirak etməyə iddialıdırlar.
60 kiloqramadək çəki dərəcəsində lisenziya uğrunda Orxan Səfərov və İlqar Muşkiyev mübarizə aparırlar. Aktivində 923 xal olan O.Səfərov təsnifatda on birinci yeri tutur. Əbu-Dabidə keçirilən "Böyük dəbilqə” turnirindəki qələbəsi 2015-ci ildə Orxanın ən yaxşı nəticəsi olub. Bu turnir ona 250 xal qazandırıb. Nəzərə almaq lazımdır ki, Avropa Oyunlarının gümüş mükafatçısı, bu oyunlarda zədə alan Orxan idman formasını indi-indi bərpa edir. İ.Muşkiyev (774 bal) on beşinci yerdədir, Sindaoda Qran-pri yarışlarında qələbəsi ona əlavə xal (300 xal) qazandırıb. Olimpiya təsnifatının yalnız may ayında başa çatacağını nəzərə alsaq, hər bir start idmançılar üçün müəyyən əhəmiyyət daşıyacaq.
66 kiloqramadək çəki dərəcəsində səkkizinci pillədə 1012 xalla Nicat Şixəlizadə qərarlaşıb. O, Rio Olimpiadasında iştirakını faktiki olaraq təmin edib. Cüdoçunun hesabında on iki nəticə var, ən son nəticə Sindaoda Qran-pri yarışlarında qazandığı qələbə olub. Rüstəm Orucov (73 kq) hazırda 1522 xalla ikinci yerdə qərarlaşıb və reytinq cədvəlində koreyalı Çan-Qrim Anudan geri qalır. Cüdoçumuzun aktivində on altı nəticə var, reytinq qazanılması baxımından ən böyük nəticə Parisdə təşkil olunan "Böyük dəbilqə" turnirində qazandığı gümüş medaldır. Bu medal onun aktivinə yüz xal əlavə edib.
Azərbaycan yığmasının idmançıları arasında 81 kiloqramadək çəki dərəcəsində ən yaxşı nəticəni klubun digər yetirməsi Əbdülhəq Rəsullu (57-ci pillə) nümayiş etdirir. O, hələlik lisenziya uğrunda mübarizədən uzaqdır. Amma Məmmədəli Mehdiyev (90 kq) Rio Olimpiadasında iştirak etməyə ümid bəsləyə bilər. Onun 31-ci mövqeyi keçid pillə sayılır, çünki irəlidə ölkələrin hər birindən bir neçə idmançı var.
Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsində reytinq cədvəlində ikincidir. İdmançı Tokioda keçirilən "Böyük dəbilqə” turnirində bürünc medal qazanaraq, mövsümü major notda bitirib. Onun aktivində 1758 xal var. E.Qasımovu on doqquzuncu yerə yüksələn və Olimpiadaya iddialı olan klubun digər cüdoçusu Elxan Məmmədovla (668 xal) rəqabət gözləyir.