Premyer Liqanın ikinci yarısına başlayıb-başlamayacağı sual altında olan "Rəvan"ı FİFA da məyus edib. Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Julio Sezar sözügedən quruma şikayət edərək, Bakı klubuna qalib gəlib.
FİFA-nın qərarına əsasən Nuru Əliyevin sahib olduğu klub cənubi amerikalı oyunçuya 79 min ABŞ dolları ödəməlidir. Bu pullar braziliyalıya verilməyəcəyi təqdirdə klub Premyer Liqada iştirakdan məhrum edilə bilər.
Bu barədə məlumatı “Qafqazinfo”ya açıqlamasında futboçunun vəkili Radostin Vasiliyev verib. O, həmçinin bildirib ki, daha bir futbolçuya görə “Rəvan” cəzalana bilər: “Rəvan”a qarşı bu həftə daha bir məhkəmə olacaq. Mənim digər müştərim Tyaqo Souza Bezzeraya borcu olan klub FİFA tərəfindən ikinci cəzanı ala bilər. Əgər yanvar ayının sonuna qədər pullar ödənilməsə, onların hesabından 6 xal silinə bilər. Həmçinin komanda Premyer Liqada iştirak hüququndan da məhrum edilmək təhlükəsi ilə üz-üzədir”.