Ötən il iyunda Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan Atletlər kəndində baş vermiş avtobus qəzası ilə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib. Sportarena.az "APA"ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun icraatına verilib.
İş üzrə məhkəmə prosesi bu gün keçiriləcək.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Elçin Həsənov adlı şəxs tutulub.