(R) “Zirvə” Beynəlxalq İdman Klubu “İlin İdman Klubu” seçildi!

01:58 9 Yanvar 2016

2006-cı ildə nüfuzlu “Consulting&Business” jurnalı tərəfindən təsis olunan və hər il təqdim olunan “Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə laureatları dekabrın 16-da “Jumeirah Bilgah Beach” mehmanxanasında keçirilən təntənəli təqdimat mərasimində elan olundular.

23 laureat – biznes sferasında 22 və bir xüsusi nominasiyada- arasında bizim üçün xüsusi ilə fərqləndiriləcək nominantlar vardı. “Müşasir şəhərsalmada ən uğurlu tikinti layihəsi” nominasiyasında klubumuzun mərkəzi bazası sayılan AAAF Park Yaşayış Kompleksi qalib elan olundu. Mükafatı Kompleksin təsisçisi Tofiq Heydərov qəbul etdi.

İdmanla bağlı 2015-ci ildə gördüyümüz işlər isə digər nominasiyada yüksək qiymətləndirildi. Belə ki, “İlin ən yaxşı idman klubu” nominasiyasında qalib adına “Zirvə” Beynəlxalq İdman Klubu layiq görüldü. Mükafat klubun direktoru izvan Rəsulova təqdim olundu. İlin ən yaxşısı olmaq baxımından “Zirvə” üçün bu ilk deyil. “Sportsman” jurnalı klubumuzun 2013-cü ildəki işlərini qiymətləndirərək bizi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində – “İlin ən yaxşı idman klubu” seçmişdi. 2014-cü ildə isə Azərbaycan Milli Olimpiya Komitəsinin 2001-ci ilin noyabr ayından fəaliyyətə başlayan rəsmi yayım orqanı “Olimpiya Dünyası” qəzeti, onun “Olimpnews.az” saytı və “Olimpə Doğru” jurnalı “Zirvə” İdman Klubunu 2014-cü ilin ən yaxşı idman klubu seçmişdi.

2006-cı ildən rəsmən fəaliyyətinə başlayan “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. İlk dəstəyini ümummilli lider Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir. Klubun adı da təsadüfi seçilməmişdir. Ulu öndər Heydər Əliyevin idmançılarla görüşlərinin birində klubun prezidenti sabiq ağır atlet, idman ustası, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərov da olub. Ümummilli lider Heydər Əliyevin “mən sizləri həmişə zirvələrdə görmək istəyirəm” sözü bu mənada həlledici rol oynayıb. Tofiq Heydərov klubu yaradarkən mərhum prezidentin sözlərini əsas götürmüş, ad olaraq “Zirvə” seçmişdir.

Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olub. 2015-ci ildə “Zirvə”çilər bu baxımdan yetərincə uğurlu çıxış ediblər. Yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Avropa və dünya çempionatlarında yarışan atletlərimiz ümumilikdə 46 medal əldə etmişdirlər ki, onlardan – 23-ü qızıl, 12-si gümüş və 11-i isə bürünc medaldır. Bununla yanaşı, qeyd olunan yarışlarda atletlərimiz tərfindən 2 Avropa və 1 dünya rekordu müəyyən edilmişdir.

“Zirvə”nin Azərbaycanın bölgələrində böyük kompleksləri fəaliyyət göstərir. Lənkəran, Sumqayıt, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Astara, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait qurulub. Klubun mərkəzi bazası Xırdalan şəhərində, ərazisi 12 ha olmaqla 50 min kv.m. qapalı sahəyə malik, AAAF PARK Yaşayış Kompleksindədir. Burada fəaliyyət göstərən “Zirvə Liseyi”ndə 20-dən çox gənc ağır atlet həm təhsil alır, həm də peşəkar idman bacarıqlarını yüksəltməklə məşğuldurlar. Kompleksdəki “Zirvə Uşaq İdman Akademiyası”nda ağır atletika ilə yanaşı bədii gimnastika, cüdo, üzgüçülük, şahmat idman növləri inkişaf etdirilir. Klubun yüzə yaxın fərqlənən üzvləri burada mənzillə təmin olunublar. Ağır atletika, cüdo, bədii gimnastika, futbol və başqa növlər üzrə bölmələri olan “Zirvə” İK beynəlxalq səviyyəyə çıxmaq üçün ilk addımlarını atmağa başlamışdır. Klubun planetar layihəsi olan – “Zirve İnternational Sport Clubs”-ın Polşa, Bolqarıstan, Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan, Türkiyə, Moldova və Ukraynada filialları yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Artıq klubun filialları arasında iki Dünya Kuboku və iki dünya çempionatı keçirilmişdir.


Digər xəbərlər

Xəbər xətti