"Xəzər Lənkəran" dağılır? "Baxışa gələn futbolçular geri qaytarılıb"

19:21 12 Yanvar 2016

"Xəzər Lənkəran” klubun ciddi maliyyə problemləri ilə üzləşməsi və dağılmaq təhlükəsində olmasına rəsmi münasibət bildirilib

 

Sportarena.az xəbər verir ki, vəziyyətlə bağlı "qol.az"a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələnin bir qədər şişirdildiyini deyib:

 

“Komanda hazırda məşq edir. Klubun dağılmasından söhbət gedə bilməz. Sadəcə, baxışa gələn futbolçular geri qaytarılıb. Akademiyamızın perspektivli futbolçuları ilə çempionatda iştirakımız davam edəcək”.

 

Klub rəsmisi baş verənlərin FİFA-nın “Xəzər Lənkəran” haqda verdiyi qərarın təsiri olmadığını bildirib: “Üç futbolçu var ki, onların borcunun müəyyən hissəsi yanvarın sonuna qədər ödənilməlidir. Əks halda FİFA tərəfindən kluba növbəti sanksiyalar qoyula bilər. Tək transfer qadağası yox, klubun xalını da silə bilərlər. Ancaq bunun transfer işlərinin dondurulmasına dəxli yoxdur”.

 

H.Cəbrayıloğlu baş məşqçi Yunis Hüseynovun istefa verəcəyi haqda yayılan xəbərə də münasibət bildirib: “Baş məşqçinin istefası barədə heç bir söhbət yoxdur. Yəqin ki, Yunis Hüseynov sabah klub rəhbərliyi ilə görüşəcək. Bundan sonra hər şeyə aydınlıq gələcək”.

 

H.Cəbrayıloğlu komandanın əsas qapıçısı Orxan Sadıqlının “Xəzər Lənkəran”a qayıtmayacağını da bildirib: “Orxanın transfer vərəqəsini özünə versək də, onun komandaya qayıtmaq ehtimalı var idi. Ancaq baş verənlərə görə o məsələ də bağlandı”.


Digər xəbərlər

Xəbər xətti