Nelson Bonilla: "Çətin ki, eyni rəqəmlə burda qalam"

01:15 13 Yanvar 2016

Artıq yavaş-yavaş Azərbaycan futboluna bahalı legionerlərin gəlişi kəsilməyə başlayıb.
 
Sportarena.az xəbər verir ki, bir müddət öncə “Qarabağ” və “Qəbələ”dən başqa digər klublarımız da yüksək qiymətə malik əcnəbilərlə müqavilə bağlayırdısa, artıq bu müşkül görünür.
 
Bunun da başlıca səbəbi ölkəmizə gələn xarici futbolçuların klublardan dollarla maaş tələb etməsidir. Bu da komandalarımıza sərf etmədiyi üçün daha çox Qafqaz ölkələrinin futbolçulara meyl edirlər. Əslində biz klubların dollarla maaş verdiyi üçün necə əziyyət çəkdiyini dekabrın 21-də baş verən devalvasiyadan sonra gördük. 
 
Görəsən, ölkəmizdə çıxış edən legionerlər bu barədə nə düşünür? Onlar maaşları rəqəm dəyişmədən dollardan manata çeviriləcəyi halda burda qalacaqlar, yoxsa gedəcəklər?
 
Erik Ramos (“Neftçi”nin yarımmüdafiəçisi): “Mən dollarla maaş alıram. Manatla maaş almağımda problem yoxdur. Sadəcə maaşımı da əməyimin dəyərində istəyəcəm. Əgər rəqəm eyni qalmaqla mənə manatla maaş təklif etsələr, çıxıb gedəcəm. Bununla razılaşmayacam”.
 
Rikardinyo (“Qəbələ”nin müdafiəçisi): “Çox yaxşı sualdır. Bu barədə danışmaq çətindir. Çünki ilk dəfədir ki, belə situasiya ilə üzləşirəm. Klubdan bizə bu barədə nəsə deməyiblər. Desələr, o zaman düşünərik. Əgər belə bir şey olsa, o zaman agentimlə danışacam. Onun məsləhət biləcəyi kimi edəcəyik”.
 
Ermin Zets (“Qəbələ”nin hücumçusu): “Mən bu vəziyyətlə bir dəfə üzləşmişəm. Türkiyədə oynayarkən orda devalvasiya olmuşdu və lirə dollar qarşısında aşağı düşmüşdü. Həmin vaxt klub dəyişiklik etmədi. Elə “Qəbələ”nin də eyni addım atacağını düşünürəm”.
 
Nika Kvekveskiri (“İnter”in yarımmüdafiəçisi): “İndi dollarla maaş alıram. Heç indi də vəziyyətdən razı deyiləm. Ümumiyyətlə mən bu klubda baş məşqçi Zaur Svanadzeyə görə qalmışam. Yayda müqaviləm bitən kimi gedəcəm”.
 
Laşa Kasiradze (“İnter”in müdafiəçisi): “Əgər belə bir şey olsa, o zaman sizə cavab deyə bilərəm. İndidən nəsə demək çətindir”.
 
Nelson Bonilla (“Zirə”nin hücumçusu): “Mən dollarla maaş alıram. Əgər vəziyyət dəyişsə, çətin ki, eyni rəqəmlə burda qalam”.
 
Dani Kintana (“Qarabağ”ın yarımmüdafiəçisi): “Bu suala cavab verə bilmərəm”. (qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti