"Xəzər Lənkəran"da baş məşqçi postundan ayrılan Yunis Hüseynov istefası haqda danışıb. Sportarena.az xəbər verir ki, təcübəli mütəxəssis addımını klubun strategiyasını dəyişməsi ilə əlaqələndirib:
"Yayadək "Xəzər Lənkəran"da gənclərdən ibarət komanda olacaq. Onların qarşısına heç bir hədəf qoyulmayıb. Elitada yerimizi qorumağa çalışacağıq. Çempionat getdikcə zəifləyir. İnanmıram ki, Premyer Liqadan hər hansı komanda I Diviziona düşsün. Stimulumuz var idi ki, ölkə kubokunda irəliləyərik. Düzdür, futbolda sürpriz də gözləmək olar. Amma hazırkı heyətlə yarımfinala-finaladək gedə biləcəyimizi demək düzgün olmaz. Heyətə klubun akademiyasından yetişən futbolçular cəlb olunacaq. Ona görə də Elbrus Məmmədovun baş məşqçi olmasına qərar verdik. Mən isə idman direktoru olacağam. Elbrus müəllim gəncləri daha yaxşı tanıyır".
Y.Hüseynov bildirib ki, baş məşqçi əvəzləməsinə baxmayaraq, qış təlim-məşq toplanışı planında heç bir dəyişiklik olmayacaq: "O planı mən yazmışdım. Elbrus Məmmədov da mənim köməkçim idi. O, elə həmin plan üzrə işləyəcək".
Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda Azərbaycan Premyer Liqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. (Report)