Bakının "Rəvan" klubunun futbolçulara olan əmək haqqı borcları hissə-hissə ödəniləcək.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun vitse-prezidenti İlqar Axundov açıqlama verib.
Onun sözlərinə görə, maddi çətinlik olduğundan, noyabr və dekabr ayından qalan borcları bir dəfəyə ödəmək mümkün deyil.
Vitse-prezident komandanın ölkə daxilində təlim-məşq toplanışı keçən klubların qatıldığı "CBC Sport Kuboku"ndan imtinasının maliyyə ilə əlaqədar olmadığını söyləyib: "Turnirə qatılmamağımız heyətlə bağlıdır. Əsas heyətin bəzi üzvləri məşqlərə qatılmır və biz də əvəzedicilərdən futbolçular cəlb etmişik. Dünənki məşqimizdə cəmi 15 nəfər olub. Yəni, komanda bir-birinə uyğunlaşmayıb. Bu səbəbdən, turnirə qatılmağı doğru hesab etmədik".
İ.Axundov baş məşqçi Bəhmən Həsənovun istefa vermək istəyinə də münasibət bildirib: "Bəhmən müəllim məşqlərdə olur. Düzdür, çətinliklər var. Düşünürəm ki, o, istefa verməyəcək. Ən azından istefa vermək istəsəydi, bizə deyərdi".