Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Arif Əliyev və Kənan Mədətov ifadə verib. K.Mədətov ifadəsində onu hadisə baş verən yerə E.İsmayılovun apardığını bildirib: "Rasimlə görüşdük. Mən və Samir onu vurmadıq. Rasimi Arif, Elşən və Camal vurdu. Hadisədən sonra "Bibiheybət" ziyarətgahına gedərək nəzir verdik, ziyarət namazı qıldıq".
Arif Əliyev isə ifadəsində R.Əiyevin yerə düşən telefonunu götürdüyünü söyləyib: "Lakin bu telefonun kimə məxsus olduğunu bilmirdim. Yolda gələndə Elşəngildən soruşdum ki, telefon hansınıza məxsusdur? Onlar da dedi ki, telefon bizim deyil, yəqin Rasimindir.
Mən Rasimə yalnız bir təpik vurmuşam, həmin təpik də onun çiyninə dəydi.
Evə qayıdandan sonra telefonu götürdüyümü qardaşıma dedim. Qardaşım da buna görə mənimlə dalaşdı. Rasimin ölüm xəbərini eşidəndən sonra telefonu sındırıb atdım".
Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.