“Futbolçularda istək, həvəs var. Əlimizdən gələnin artığını etməyə çalışırıq ki, çempionata yaxşı şəkildə başlayaq. Məşqçilər heyətinin tapşırıqlarını artıqlaması ilə yerinə yetirməyə səy göstəririk”.
Sportarena.az xəbər verir ki, bu sözlər “Kəpəz”in kapitanı Tural Axundov klubun saytına deyib.
O, məşqlərin ağır keçməsinə baxmayaraq, əzmlə hazırlaşdıqlarını vurğulayıb:
“Gündə iki dəfə məşq edirik. Fiziki yükləmələr var, bu da normal sayılır. Hər bir futbolçu öz üzərində işləməli, daha da artırmalıdır. İlk yoxlama oyununda səhər məşq edib meydana çıxmışdıq. Əlbəttə ki, çətinlik hiss etdik. Amma başa düşürük ki, bu, ümumi işin xeyrinədir”.
Mövsümün ikinci yarısı üçün Yevlaxda təlim-məşq toplanışında olan əsas komanda əvəzedici heyətlə birlikdə hazırlaşır. Hər iki komanda əsasən fiziki çalışmalar üzərində işləyir. T.Axundov gənclərin də arzusunun elitada çıxış etmək olduğunu bildirib:
"Bunun üçün çalışırlar. Məşqlərdə canla-başla işləyirlər. Bir az da bizə baxıb təcrübə qazanmaq istəyirlər. Onlara bir kapitan kimi məsləhətim odur ki, yorulmadan məşq etsinlər, ağır məşqlərdən bezməsinlər. Bunu etsələr, yolları açıq olacaq”.