Azərbaycanın daha 2 taekvondoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportarena.az xəbər verir ki, bu uğura Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) Türkiyənin İstanbul şəhərindəki Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.
Hər iki taekvondoçu hələ finala yüksəlməklə, lisenziyanı təmin edib. Amma bununla da kifayətlənməyən Abakarova və Harçeqani son rəqiblərini də yenərək, qızıl medala yiyələnib.
Beləliklə, Azərbaycan taekvondo yığması Rio-2016-da tam tərkibdə - 4 idmançı ilə təmsil olunmaq hüququ qazanıb. Daha öncə Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) da bu vəzifənin öhdəsindən gəlib.
Qeyd edək ki, Patimat Abakarova və Milad Beigi Harçeqani Azərbaycanın qarşıdakı olimpiadaya qazandığı lisenziya sayını 32-yə çatdırıb.