Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Qazaxıstanın “Akjayık” klubu ilə üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “kimyaçılar” 1:0 hesablı qələbə qazanıb.
Oyunda “Sumqayıt”dan yeganə qolu penalti zərbəsindən Pərdis Fərcad-Azad vurub.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyunlarını Rumınya yüksək liqa klublarına qarşı keçirəcək.
Komanda yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yoxlama oyunu
“Sumqayıt” - “Akjayık” (Qazaxıstan) - 1:0
Qol: Pərdis Fərcad-Azad, 78 (pen.)
Antalya, Su Səsi İdman Kompleksinin stadionu
“Sumqayıt” oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov, Amil Yunanov.
Meydana sonradan daxil olanlar: Tərlan Əhmədli, Eltun Yaqublu, Emin Mehtiyev, Samir İbrahimov, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Tofiq Mikayılov, Ayaz Mehtiyev, Mikayıl Rəhimov