“Kəpəz” ilk toplanışı başa vurub. Sportarena.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda yanvarın 11-dən 17-nə kimi Yevlaxda hazırlıq keçib.
“Sarı-göylər” bir həftə boyunca gündə iki dəfə məşq ediblər. Komanda əsasən fiziki hazırlıq üzərində işləyib.
Qeyd edək ki, Yevlax toplanışında “Kəpəz” yoxlama oyunu da keçirib. Komanda əvəzedici heyətlə qarşılaşaraq 6:0 hesabı ilə qələbə qazanıb. Ötən gün isə “Kəpəz” qış hazırlığı dövründə ikinci yoxlama oyununu keçirib. Yevlax toplanışını səhər məşqi ilə başa vuran komanda Bakıya yollanaraq paytaxtda “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş Gəncə klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Birinci divizion təmsilçisi ilə matçda “sarı-göylər”in təsəlli qoluna Bəxtiyar Soltanov imza atıb. Əlavə edək ki, yoxlama oyununda baş məşqçi Şahin Diniyev bütün futbolçuları sınaqdan keçirib.