“Neftçi” klubunun Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi vəzifəsindən uzaqlaşdırılan Hüseyn Məhəmmədov bu gün mətbuat konfransı keçirib. Sportarena.az xəbər verir ki, veteran futbolçu klubun onu mərc oyunlarında iştirakı səbəbindən işdən çıxarılması ilə bağlı verdiyi açıqlamaya etiraz edib.
“Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməsinlər. Bu hal mənim üçün xoş deyil. Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir. Bu gün bizim MDB kubokunda Ermənistan klubuna qalib gələn günümüzdür. Mənim qumarbaz adlandırılmağım düzgün deyil. Mən “Topaz” məntəqəsinə getmirəm. Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.
H.Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəyini də qeyd edib: “Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin, klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm”. (qol.az)