"Neftçi" klubu futbolçusu Jairo Filyo Rodrigeslə müqavilə müddətini artırıb. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Əsgər Abdullayev məlumat verib.
Onun sözlərinə görə, 24 yaşlı braziliyalı yarımmüdafiəçi cari mövsümün sonunadək "ağ-qaralar"ın heyətində çıxış edəcək. Əvəzində Ə.Abdullayev hazırda vətəni Slovakiyada olan qapıçısı Miçal Peskoviçin komandadan göndərilmə ehtimalının böyük olduğunu bildirib: "Peskoviçlə söhbət etdik. O, qərar vermək üçün rəhbərlikdən bir neçə gün vaxt istədi. Ailə problemləri var. Hardasa bir-iki günə yekun qərarını bildirəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".
"CBC Sport Kuboku"nda III turun MOİK-lə oyununda "Neftçi"nin qapısını Aqil Məmmədov yox, əvəzedici heyətdən cəlb olunan Ruzi Qiyaslı qoruyub. Baş məşqçi heyətdə yerli qapıçılara şans verdiklərini söyləyib: "Üstəlik, Dmitri Kramarenko da qapıçı yetişdirir. Bunu gələcəkdə görəcəksiniz".
Qeyd edək ki, Miçal Peskoviçlə avqustda, Jairo Filyo Rodrigeslə isə sentyabrda 2015-ci ilin sonunadək müqavilə imzalanıb.