"Belə bir zamanda qənaət etmək lazımdır" - Rəşad Sadıqov

12:54 25 Yanvar 2016

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Türkiyə toplanışınız necə keçdi?

- Belə uzunmüddətli fasilələr zamanı bəzi vərdişləri itirirsən və təlim-məşq toplanışı onları bərpa etməyə kömək edir. Yoxlama oyunlarımız pis olmadı. Baxmayaraq ki, daha yaxşı çıxış edə bilərdik. Hər halda bu toplanışımızın nə dərəcədə faydalı olduğunu çempionatın gedişi göstərəcək.

 

- Muarem Muaremlə Rahid Əmirquliyev komandaya uyğunlaşa bilib?

- Hər iki futbolçuda uyğunlaşma prosesi tez keçdi. Muarem əvvəllər "Qarabağ"da çıxış edib. Rahid isə əksər futbolçularımızla millidə birgə oynayıb.

 

- Əmirquliyevin gəlişindən sonra Qara Qarayevin Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçidi gündəmdə olsa da, bu, baş tutmadı...

- Fikrimcə, bu sual mənə verilməməlidir. Digər tərəfdən biz yoxlama oyunlarında yeni sxemləri yoxladıq. Komandada rəqabət olmalıdır. "Qarabağ"ın həmişə gərgin oyun qrafiki olub. Xüsusilə də son mövsümlərdə. Hər bir futbolçu meydana çıxmaq şansı qazanır. Qarayev daha çox müdafiəçilərin önündə oynayırsa, Əmirquliyev hücuma yaxın çıxış edir. Ona görə də bu baxımdan hansısa problem olacağını düşünmürəm.

 

- Digər klubların hazırlıq prosesini izləyirdiniz?

- Bəli. Antalyada olan klublarmızın yoxlama oyunlarına gedirdim. Çünki məşqlər olmayan vaxtlarda çox darıxdırıcı olurdu. Ölkə ərazisində hazırlıq keçən klublarımızla da mətbuat vasitəsilə maraqlanırdım. Xüsusilə də AZAL-la. Çünki fasilədən dərhal sonra bu komanda ilə oyunumuz var. Bu komanda ikinci dövrəni çox yaxşı keçirdi. Ona görə həm bu, həm də digər rəqiblərimiz barədə nə qədər çox məlumatımız olsa, bir o qədər yaxşıdır.

 

- Son illərdə bəlkə də ilk dəfə belə hal yaşanır ki, klublarımız legioner futbolçu transfer etməyiblər...

- Transferlər daha çox yayda edilir. Qışda o qədər də çox legioner dəvət etmək olmur. Bir, maksimum iki yaxşı futbolçu tapa bilərsən. Həm də hər bir klub yaxşı başa düşür ki, belə bir zamanda qənaət etmək lazımdır. Legionerlərin klubları ilə mövsümün sonuna qədər müqaviləsinin olduğunu da nəzərə almaq lazımdır. Kimisə dəvət etmək üçün kimisə yola salmaq lazımdır. "Qarabağ"la "Qəbələ" hazırda ən geniş heyətə malik komandalardır. Bu klubların xüsusi güclənməyə ehtiyacı yox idi. Amma buna baxmayaraq, biz yenə bəzi transferlər həyata keçirdik. Digər klublara gəlincə, fikrimcə, onlara lazım olsaydı, əcnəbi futbolçu alardılar.

 

- Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki və köməkçiləri klublarımızın Türkiyə toplanışını yaxından izləyirdi...

- Bu, bizim üçün bir stimul idi. Prosineçki hər bir yoxlama matçımızı izləyirdi. Onun hər bir futbolçunu necə diqqətlə izlədiyini yaxşı bilirəm. Hətta ən kiçik detallara da fikir verir. Onun bu cür diqqəti bizim üçün vacibdir.


Digər xəbərlər

Xəbər xətti