Həftəsonu Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə start veriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edəcək. “Sarı-göylər” qarşıdakı ev oyununda uğurlu nəticəyə köklənib.
Sportarena.az xəbər verir ki, Kərim Diniyev klubun rəsmi saytına açıqlamasında bunu bir daha təsdiqləyib: “Bütün fikrimiz üç xala yönəlib. Bunun üçün meydanda gücümüzü qoyacağıq. Yaxşı toplanış keçmişik, çempionatla əziyyət çəkib hazırlaşmışıq. İlk oyunda əməyimizin bəhrəsini görmək istəyirik. Nə bacarırıqsa, meydanda göstərməliyik”.
Adətən çempionatın start və qış fasiləsindən sonrakı ilk görüşləri ağır keçir. Komandalar istənilən oyunu göstərməkdə, uğur qazanmaqda çətinlik çəkirlər. Amma Diniyev fərqli düşünür: “Psixoloji cəhətdən heç bir problem olmamalıdı. Çünki baş məşqçimiz biz futbolçuları oyuna yaxşı kökləyib. Qalan amillər özünü oyunda göstərəcək. Düşünmürəm ki, bizim üçün çətin olsun. Həqiqətən də motivasiyamız yüksəkdir”.
“Kəpəz”in cari çempionatda “Qəbələ” ilə ilk iki dövrədəki oyunları səfərdə keçirilib. Birinci görüşdə meydan sahiblərinə uduzan (0:1) Gəncə klubu ikinci dövrədə qələbə (2:1) qazanıb: “Biz uğurlu nəticə qazanmalıyıq, başqa şey haqda düşünmürük. Gəncədə evdə oynayırıq. Üç xalı heç kimə hədiyyə etmək fikrimiz yoxdur. Başa düşürük ki, rəqib Azərbaycanın ən güclü komandalarından biridir. Onlara qarşı layiqli mübarizə aparacağıq. İnanıram ki, üç xal bizim olacaq”.