"Qəbələ"nin yeni transferi Rəşad Eyyubov müsahibə verib.
– “Qəbələ”yə keçidimin gerçəkləşməsi üçün bir müddət gözləməli oldum. Danışıqlar prosesinə müdaxilə etmirdim, bu işi menecerimin ixtiyarına buraxmışdım. Fürsətdən istifadə edərək keçidimə problem yaratmadıqlarına görə “Kəpəz” klubuna minnətdarlığımı bildirirəm.
– Səhv etmiriksə, “Qəbələ” sənə hələ ötən yay maraq göstərirdi...
– Bəli, doğrudur. Ancaq məsələ o zaman həllini tapmadı, nəticədə “Xəzər Lənkəran”a keçdim. Lakin Lənkəran komandası ilə bağlı məlum qərardan onra “Kəpəz”lə müqavilə bağlamalı oldum.
– Mövsümün tən yarısında klubunu dəyişməyə qərar verdin. Səbəb nə idi?
– Əlbəttə, “Qəbələ”yə keçməkdə maraqlı idim. Çünki daha iddialı klubda çıxış etmək istəyirdim. Çox şadam ki, Azərbaycanın hazırda “Qəbələ” kimi ən güclü klublarından birinin şərəfini qoruyuram. Məqsədim “Qəbələ” ilə nəhayət ki, birləşdi.
– Beş mövsüm rəqib komandanın heyətində “Qəbələ”yə qarşı oynamısan. Həmin matçlar xatirində necə qalıb?
– Əvvəllər “Simurq”un, bu mövsüm isə “Kəpəz”in heyətində “Qəbələ”yə qarşı oynamışam. İndiki komandama qarşı matçlarımız həmişə prinsipial olub. Qalib gəldiyimiz oyunlar da olub, uduzduğumuz da. Amma bizə heç vaxt asan olmayıb. “Qəbələ” ilə görüşlərdə, belə deyək, favoritə qarşı oynayırdıq. Elə bu səbəbdən qalib gəlmək üçün rəqiblər “Qəbələ” ilə oyuna böyük motivasiya ilə çıxırlar.
– Cari mövsümdə “Qəbələ”yə qarşı bir matçda oynamısan...
– Elədir. Qəbələdəki ilk matçda iştirak edə bilmədim. Çünki həmin
vaxt “Xəzər Lənkəran”ın futbolçusu idim. Qəbələdə keçirilən ikinci matçda isə oynadım. Hava şəraiti üzündən matçı iki günə oynamalı olduq və son saniyələrdə vurduğumuz qolla qalib gəldik. Qeyd edim ki, Azərbaycanda ən yaxşı meydançalar Qəbələdədir. Buna görə də “Qəbələ”nin stadionunda oynamaq hər futbolçuya xoş gəlir. İstər meydan sahibi, istərsə də qonaq komandanın futbolçusu olsun.
– Roman Qriqorçuku hələ “Çernomorets”dən yaxşı tanıyırsan. Bəs o, səni?
– Mən “Çernomorets”in futbol məktəbində, klubun ikinci komandasında oynayanda Qriqorçuk əsas kollektivin baş məşqçisi idi. Fikrimcə, o, məni həmin vaxtdan xatırlayır.
– Səncə, bu amil “Qəbələ”yə keçidinə təsir göstərdimi?
– Yox. Hesab edirəm ki, Qriqorçukun qərarına Azərbaycan çempionatında göstərdiyim oyun təsir göstərdi, nəinki bir vaxtlar “Çernomorets”in üzvü olmağım.
– Maraqlıdır, o vaxtlar Odessa klubunda Roman İosifoviç haqda hansı fikirdə idilər?
– O, “Çernomorets”də əsl peşəkar kimi tanınırdı. Qriqorçuk işinin öhdəsindən layiqincə gəlir və futbolçudan maksimumu tələb edir. Artıq onun rəhbərliyi ilə çalışıram və bu, məni sevindirir. Hər bir futbolçu kimi mən də baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışıram. Baş məşqçi və köməkçilərinin göstərişlərini lazımi səviyyədə yerinə yetirmək üçün əlimdən gələni edirəm.
– Sənin mövqeyində “Qəbələ”də rəqabət böyükdür. Əsas heyətə düşmək şansını necə dəyərləndirərdin?
– Cinah yarımmüdafiəçisiyəm. Sol, yaxud sağ cinahda oynamağımın mənim üçün fərqi yoxdur. “Kəpəz”də yarımmüdafiənin istənilən yerində çıxış edirdim. Buna görə də rəqabətdən qətiyyən çəkinmirəm. “Qəbələ”də əsas heyətdə oynamaq perspektivimə gəlincə isə bunu hazırlığın nəticəsi və oyunlar göstərəcək. Hər halda özümə inamım böyükdür.
– “Qəbələ” ilə cari mövsümdə hansı nəticəyə ümid edirsən?
– Fikrimcə, real olmayan heç nə yoxdur. Mövsümün sonunda çempion ola bilərik. Hərçənd hazırda 4-cü pillədə olan “Qəbələ” lider “Qarabağ”dan 10 xal geridədir. Ancaq futbolda bundan da böyük xal fərqini aradan qaldırmaq mümkün olub. Buna görə də 1-ci pillənin əldən getməsi ilə barışmaq olmaz. Mübarizəni sonadək davam etdirəcəyik.
– İş elə gətirib ki, “Qəbələ”də ilk rəsmi oyununu məhz “Kəpəz”ə qarşı, özü də Gəncədə keçirməli olacaqsan. Azarkeşlərin reaksiyasından çəkinmirsən ki?
– Gəncə klubunda keçirdiyim yarım mövsüm xoş anlarla xatirəmdə qalıb. Orada çalışan insanlarla münasibətim yaxşı olduğundan yanvarın 30-dakı matç mənim üçün prinsipial xarakter daşımayacaq. Sadəcə, bu dəfə Gəncə publikası qarşısına rəqib futbolçu qismində çıxacağam. Hazırda isə “Qəbələ”dəyəm və peşəkar futbolçu kimi hazırkı klubumun mənafeyi və uğurları barədə düşünürəm. Gəncə səfəri hər komanda üçün çətin olur. “Kəpəz”də oynadığım vaxt həmişə güclü azarkeş dəstəyini hiss etmişik. İnanıram ki, Qəbələdə də belə azarkeş dəstəyindən güc alacağıq. Qəzetiniz vasitəsilə azarkeşlərə müraciət edərək, “Qəbələ”yə daha çox dəstək verəcəklərini gözlədiyimizi bildirirəm.("Qəbələ" İK qəzeti)