“Qəbələ”nin əsas komandasının Antalya toplanışında bir neçə gənc futbolçu da iştirak edib. Mövsümün ilk yarısında, əsasən, əvəzedici heyətdə çıxış edən Vadim Abdullayev də onların arasında olub. Yay fasiləsində əsas komandaya transfer olunan Vadim "Qəbələ" İK qəzetinə açıqlamasında öncə “qırmızı-qaralar”a keçdiyi dövrü xatırlayıb:
“Qəbələ”yə 5 ay öncə keçsəm də, hələ əsas heyətdə rəsmi debüt edə bilməmişəm. İkinci məşqdə aldığım zədə üzündən bir müddət yaşıl meydanlardan kənarda qaldım. Barmağım sındı və Türkiyədə əməliyyat olundum. İki ay yarımdan sonra məşqlərə başladım. Formaya düşmək üçün bir müddət əvəzedici heyətdə çıxış etməli oldum. Ancaq bu müddətdə əsas komanda ilə məşq edirdim”.
Abdullayev mövsümün ilk yarısında ona şans veriləcəyini gözləsə də, bu, gerçəkləşməyib. O, Antalyadakı təlim-məşq toplanışında Roman Qriqorçukun sərəncamında olacağını gözləyirmiş: “Əsas komandanın üzvü olduğumdan Qriqorçuk məni də sınamaq istəyirdi. Odur ki, ukraynalı çalışdırıcımız hər 3 matçda məni start heyətində meydançaya buraxdı. Özümü yaxşı göstərmək üçün əlimdən gələni etdim. Ümidvaram ki, nəticəsini çempionatda görəcəyəm”.
Vadim yoxlama oyununda qol vurmağı da bacarıb. Belə ki, “Sürix” üzərində darmadağının (4:0) əsasını məhz Abdullayev qoyub. Neçə vaxtdır oynamayan futbolçu əsas komandada ikinci matçında qol vurub:
“Əlbəttə, bu, məni çox sevindirdi. Mən daha öncə “Bakı”da, “Simurq”da da təcrübəli futbolçularla, legionerlərlə birgə çıxış etmişəm. 21 yaşım olsa da, çempionat oyunlarında
az oynamamışam və bu sahədə təcrübəm var”.
Abdullayev “Qəbələ”nin oyun üslubunu əvvəllər oynadığı komandalarla müqayisə edib: “Sözsüz ki, hər komandanın, hər baş məşqçinin özünəməxsus oyun fəlsəfəsi var. Roman Qriqorçuk hücum futboluna üstünlük verir. Topu itirəndən sonra onu rəqibdən tez alıb yenidən hücum etməyimizi istəyir”.
Vadimin yoxlama matçlarında start heyətində yer almasında Elvin Camalovun zədəli olması da az rol oynamayıb. Hər ikisi 21 yaş limitinə uyğun gələn futbolçu olduğundan, Qriqorçuk Elvinin yerinə Vadimi sınamağı lazım bilib: “Camalov xeyli vaxtdır əsas komandada oynayır. Üstəlik, “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Sözsüz ki, Elvinin bu baxımdan üstünlüyü var. Ancaq yekun qərarı baş məşqçi verir. Start heyətdə oynamağa hazıram və baş məşqçinin etimadını qazanmaq üçün əlimdən gələni edirəm. Vacib odur ki, zədəm tam sağalıb və özümü yaxşı hiss edirəm. Əsas məqsədim müntəzəm oynamaq, “Qəbələ” ilə nəticə qazanmaq və avrokuboklarda çıxış etməkdir. İnanıram ki, komandamın heyətində avrokuboklarda oynamaq mənə də nəsib olacaq”.