"Neftçi"nin Müşahidə Şürasının sədri Çingiz Abdullayevin müsahibəsi:
“Neftçi” çempionatın 3-cü dövrəsinin ilk oyununda “Sumqayıt”ı məğlub etdi. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Komandamız yaxşı oynadı. Düzdür, “Sumqayıt” da bizdən geri qalmadı. Əsas odur ki, qələbə qazandıq.
- “Neftçi”nin qış fasiləsindəki hazırlığından nə dərəcədə razı qaldınız?
- Bunu məndən yox, baş məşqçidən soruşmalısınız. Əsgər Abdullayev bizə razı qaldığını bildirib. Komanda fasilədə kubok qazandı, ardınca “Kəpəz”lə yoxlama görüşündə də qalib gəldi. Bu baxımdan toplanışdan klub rəhbəri olaraq mən də razıyam. Lakin inanıram ki, komanda bundan sonra çempionatda daha yaxşı oynayacaq.
- Cari mövsüm “Neftçi”dən hansı nəticəni gözləyirsiniz?
- Qarşımıza məqsəd qoymuşuq ki, heç olmasa ilk “üçlük”də qərarlaşaq. Düşünürəm ki, biz bunu bacararıq.
- Qış fasiləsi zamanı sizi “Neftçi”nin oyunlarında görmürdük. Bunun səbəbi nədir?
- Yox, mən həmişə komandanın yanındayam. Siz istəyirsiniz ki, Müşahidə Şurasının sədri gəlib futbolçuların məşqçisi olsun, orada otursun? Təbii ki, işlərimlə əlaqədar harasa gedirəm. Amma hər zaman komandanın yanındayam.
- Amma "Neftçi"nin “CBC Sport Kuboku”ndakı oyunları zamanı stadionda yox idiniz...
- Həmin vaxt Azərbaycanda olmamışam. Bu turnirdə komandanın yanında olmasam da, oyunları izləyirdim. "Şərurspor"a 3:2 hesabı ilə qalib gəldiyimiz oyunda buraxdığımız ikinci qoldan xoşum gəlməsə də, kuboku qazandıq. Qazana bilmədiyimiz hər kubok bizim üçün uğursuzluqdur.
- Emil Mpenzaya görə ödənilməli olan borcla bağlı son durum nə yerdədir?
- FİFA bizim əleyhimizə qərar çıxarıb və həmin pulu ödəməliyik. Siz də bilirsiz ki, bu pulu ödəməmək olmaz. Bu məsələ ilə maraqlandım və məbləğin ödənilməməsinin mümkünsüzlüyünü öyrəndim. Məhkəmə belə qərar çıxarıbsa, mütləq ödəməliyik. Həmin vaxt nə mən, nə də icraçı direktor Elnur Məmmədov komandada olmayıb. Üstəlik "Neftçi"də Müşahidə Şurası də yox idi. Biz ümumiyyətlə, Mpenzanı görməmişik. Bu, həqiqətdir. Mən günahı kiminsə boynuna yıxmaq istəmirəm. Qərar çıxarılıb və pulu ödəməliyik. Düzdür, çox çətindir, amma başqa çıxış yolu yoxdur. Hazırda həmin pul “Neftçi”yə çox lazımdır. Manata çevirsək, məbləğ bir milyondan da çoxdur. (qol.az)