"Qəbələ"nin əvəzedici komandasının məşqçisi Elmar Baxşıyev Antalya toplanışı barədə "Qəbələ İK" qəzetinə açıqlama verib.
Sportarena.az xəbər verir ki, E.Baxşıyev komandanın hazırlıqlarından tam razı qaldığını bildirib:
“Təlim-məşq toplanışı çox səmərəli oldu. Nə planlaşdırmışdıqsa, hamısını həyata keçirə bildik. Buna həm Antalyada yaradılan əlverişli şərait, həm də yoxlama oyunları üçün seçilən sınaqçı komandalarla qarşılaşmalar sayəsində nail olduq. Xüsusilə, “Ayntraxt”la görüşü qeyd edərdim. Tam fərqli bir komanda ilə qarşılaşdıq. Almanlarla oyunda Avropa futbol məktəbinin bütün ünsürləri, müasir futbolun elementləri özünü qabarıq şəkildə göstərdi. Düşünürəm ki, bu da püxtələşməkdə olan futbolçularımız üçün çox faydalı oldu”.
Baş məşqçi Ramin Quliyevin köməkçisi olan gənc çalışdırıcı vurğulayıb ki, yoxlama matçlarında bütün futbolçulara öz bacarıqlarını göstərmək imkanı yaradılıb: “Yoxlama oyunlarında heyətin bütün üzvlərinə şans verdik. Bununla da futbolçular arasında oyun balansını qorumağa çalışdıq. Yəni çempionatda az oynayan futbolçulara imkan yaratdıq ki, oyun təcrübələrini daha da artırsınlar. Bildiyiniz kimi, 3 futbolçumuz əsas komandanın heyətində hazırlığa cəlb edilmişdi. Üstəlik, Ehtiram Şahverdiyev də millinin düşərgəsində idi. Bu amillər də heyətdə oyun təcrübəsi az olan futbolçulara özlərini sübut etməyə kömək oldu”.
Təlim-məşq toplanışı qabaqcadan nəzərdə tutulduğu kimi, yanvarın 25-də deyil, 2 gün tez başa çatıb. E.Baxşıyevin fikrincə, Vətənə erkən dönmələri komandanın xeyrinə olacaq: “Toplanışın 2 gün tez yekunlaşması planlarımıza mənfi təsir etmədi. Hətta deyərdim ki, xeyrimizə oldu. Çünki gec qayıtsaydıq, “Kəpəz”lə yanvarın 29-dakı çempionat oyununa qədər uyğunlasma baxımından əziyyət çəkəcəkdik. Düşünürəm ki, Antalyada keçdiyimiz yaxşı hazırlıq qış fasiləsi ərəfəsində uğurları qorumağa, çempionatı lider kimi başa vurmağa imkan verəcək. Bunun vacibliyini futbolçular da dərk edirlər”.