"Sky Sports" telekanalının nümayəndələri Bakı Şəhər Halqası ilə tanış oldular

23:42 4 Fevral 2016

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən həftəsonu dünyaca məşhur “Sky Sports” adlı idman telekanalının Formula 1 yarışı üzrə çəkiliş komandasını Bakıda böyük məmnuniyyətlə qonaq etdi.

 Bakıya səfər edən “Sky Sports” heyətinə Formula 1 Paddok Klubunun məşhur aparıcılarından olan və “Tedin Gündəliyi” verilişi ilə tanınan Ted Kravitz rəhbərlik etdi. Ted Kravitz bu ilin yayında Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 Avropa Qran Prisinin keçiriləcəyi trasın xüsusiyyətləri haqqında ətraflı məlumat almaq və Bakı Şəhər Halqası barəsində video reportaj hazırlamaq üçün paytaxt Bakıya öz çəkiliş qrupu ilə gəldi.

Qonaqlar Bakıya ötən həftənin cümə günü, 29 yanvar tarixində səhər saatlarında təşrif buyurdular və həmin gün Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhər Halqası (BŞH) ilə bağlı ilkin təəssüratlar əldə etdilər. Çəkilişlərinə hava limanına enər-enməz başlayan qonaqlar oradan Bakının rəmzi olan Alov Qüllələrinə gəldilər. Daha sonra çəkiliş qrupu buradan ardıcıllıqla fəvvarələr meydanı, Bayraq Meydanı və 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalınana səfər edərək həmin yerlərdə maraqlı məqamları lentə aldılar.

Sonrakı gün, yanvarın 30-da Ted Kravitzin rəhbərliyindəki çəkiliş qrupu Bakı Şəhər Halqasının inşa olunacağı yerə gəldi. Burada qonaqları BŞH-nın Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer müşayiət etdi. Çəkiliş zamanı bu ilki yarış gündəliyinə salınan Avropa Qran Prisinin keçiriləcəyi yerin özünəməxsus xüsusiyyətləri, o cümlədən BŞH-nın şəhər trasları arasında ən sürətli tras ünvanına sahib olacağı gözləntisi və digər vacib məqamlar əhatə olunub:

·       Bakının dənizkənarı bulvarı boyu davam edən əsas sürət xəttində bolidlərin maksimal sürətinin saatda 340 km-ə çatacağı gözlənilir.

·       Ehtişamlı görüntüyə malik Hökumət Evindən Paddok və Pit Yolu aydın müşahidə olunur.

·       Trasın 7-ci döngədən 11-ci döngəyədək olan hissəsi tarixi İçəri Şəhərin divarları boyunca davam edir.

·       Trasın 15-ci döngədən sonrakı hissəsi aşağıya doğru yüksək meylliliyə sahibdir və 16-cı döngədən sonra tras əsas sürət xətti ilə davam edir.

·       18-ci döngənin arxa fonunda şəhərin ən qədim binalarından olan Qız Qalası yerləşir və bu hissədən sonra tras əks istiqamətdə davam edən “iki tərəfli yarış zolağı” hissəsinə keçid alır.

Ted və onun komandası BŞH-a valeh oldular. Onlar iyunda baş tutacaq bu yarışı səbrsizliklə gözlədiklərini bildirdilər:

Gərgin iş şəraitində keçən həftəsonu ərzində Ted, BŞH-nın icraçı direktoru Arif Rəhimov ilə də üz-üzə müsahibə almağa vaxt ayıra bildi. Onlar müsahibə zamanı əsasən 2016-cı il Formula 1 Avropa Qran Prisinə hazırlıqla bağlı görülən işlər haqqında danışdılar.

Paytaxt və Bakı Şəhər Halqası ilə əlaqədar çəkilişlərə rəng qatmaq istəyən “Sky Sports” komandası bazar günü Bakı küçələrinin unikal mənzərəsinə öz çalarını verən ağ Lada avtomobilində şəhər turu etdilər. Bu avtomobildə onlar, şəhər turunu tamamlamaqla yanaşı BŞH-nı bir daha ziyarət edərək şəhər trasının əsas məqamları ilə daha yaxından tanış oldular və eyni zamanda şəhərin kənarında olan neft quyularına da səfər etdilər.

Ted və komandasının Bakıdan hazırladığı video reportajı 18-20 mart tarixlərində baş tutacaq Avstraliya Qran Prisinin yarış həftəsonu ərzində “Sky Sports F1” kanalında efirə veriləcək. Bundan əlavə, Bakı səfərində aparılmış çəkilişlərin bir hissəsi “Sky Sports”a məxsus “24 saat xəbər” kanalında və eyni zamanda “Sky Sports F1”in internet səhifəsində (www.skysports.com/f1) izləyicilərə təqdim olunacaq.

Biz idman, xüsusən də Formula 1 yarışlarının yayım hüququna sahib olan bir kanalın nümayəndələrini gözəl şəhərimiz Bakıda üç gün ərzində qonaq etdiyimizə görə çox şadıq və ümid edirik ki, bu səfərlə başlanan əməkdaşlığımız uzun müddətli və səmərəli olacaq.

Yenidən iyunda Bakıda görüşənədək, salamat qal Sky!


Digər xəbərlər

Xəbər xətti