"Deyərdim ki, AZAL-la oyun “Qəbələ” matçından daha çətin olacaq. Bölgə klubuna da qarşı zəif oynamadıq. Sadəcə, güclü, iddialı komandalara qarşı motivasiya başqa cür olur".
Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev deyib.
Ş.Əliyev Topaz Premyer Liqasının 20-ci turunda qarşılaşacaqları AZAL-la oyunun çətin keçəcəyini bildirib: "AZAL da yaxşı komandadır. Bizim kimi onların da Avroliqaya getmək şansı var. Turnir cədvəlində də bizdən çox da uzaqda deyillər. Aramızda xal fərqi azdır.
Həm biz, həm də rəqib meydana qələbə üçün çıxacaq. Onlar da səfərə xal aparmağa gələcəklər. “Qəbələ” ilə oyundakı uğurlu startımızı davam etdirmək istəyirik. Razıyam ki, bizə çox çətin olacaq. Ancaq qələbə qazanmalıyıq. Bu oyunda qələbə bizə hava-su kimi lazımdır. Doğma stadion və azarkeş amili xeyrimizədir. Odur ki, məqsədimiz üç xal götürməkdir".
Qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" - AZAL oyunu saat 13:30-da başlayacaq.