Taekvondo üzrə Azərbaycan milli komandası Olimpiya Oyunlarında dördüncü dəfə çıxış edəcək. Azərbaycan taekvondoçuları 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında debüt edib. 2012-ci ildə London Olimpiya Oyunlarında iki, 2008-ci ildə isə Pekin Olimpiadasına bir idmançı ilə qatılmışıq. 2016-cı il Braziliyada təşkil ediləcək Yay Olimpiya Oyunlarında ölkəmiz ilk dəfə dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil olunacaq. Nəzərə alsaq ki, Olimpiya Oyunlarının reqlamentinə görə, hər ölkəyə 2-si qadın, 2-si kişi idmançı olmaqla dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir, bu, taekvondo üzrə Azərbaycan yığması üçün rekord göstəricidir.
Bu fikirləri öz müsahibəsində taekvondo üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur Amanov bildirib.
İstanbulda Rio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turnirindən danışan böyük məşqçi qeyd edib ki, həmin yarışda İtaliya, Yunanıstan kimi güclü taekvondo məktəblərinə malik ölkələr Olimpiya Oyunlarına vəsiqə qazana bilmədilər. Qeyd etmək istərdim ki, bu ölkələrin taekvondo üzrə Olimpiya çempionları, habelə finalçıları olub. Ümumiyyətlə, bir çox Avropa ölkəsinin güclü taekvondoçuları Olimpiya Oyunlarında iştirak etməyəcək. Ancaq Azərbaycandan iki kişi idmançı Olimpiya Oyunlarına lisenziya qazanıb və bu mötəbər yarışda mübarizə aparacaq. Komandanın üzvü Milad Beigi Hərçəqani İstanbulda keçirilən təsnifat turnirində finala yüksəlməklə bu hüququ əldə etmişdi. Milli komandanın lideri Radik İsayev 2015-ci ilin dekabrında Meksikadakı Qran-pri turnirində reytinq xallarına əsasən Olimpiadaya iştirak hüququnu təmin edib.
Milad Beigi Hərçəqaninin İstanbuldakı çıxışını təhlil edən məşqçi onun turnirə ciddi hazırlaşdığını vurğulayıb. Buna görə də idmançımız bütün rəqiblərini böyük üstünlükdə məğlub edərək Olimpiadaya lisenziya ilə yanaşı, turnirin qızıl medalını qazandı.
Xatırladaq ki, Olimpiya Oyunlarında qadın taekvondoçularımızdan Fəridə Əzizova və Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.
AZƏRTAC