Əgər ABŞ idmançıları Zika virusu ilə bağlı təhlükə hiss edirlərsə, Rio-de-Janeyro Olimpiya Oyunlarına yollanmaya bilərlər.
Belə bir açıqlama ilə Birləşmiş Ştatların Olimpiya Komitəsi çıxış edib. Artıq qurum tərəfindən ölkədəki bütün idman federasiyalarına bu barədə xəbərdarlıq məktubu göndərilib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax əminliklə bildirib ki, bu epidemiya bütün peşəkar atletlərin “Rio-2016”da iştirakına mane ola bilməz. Onun sözlərinə görə, bu problemin qarşısını almaq üçün hələ vaxt var.
Məlumat üçün qeyd edək ki, virus dünyanın bir sıra regionlarına – Asiya, Afrika, Cənubi və Şimali Amerika, eləcə də Sakit okean hövzəsi ölkələrində də yayılıb. Artıq 33 ölkədə virusun varlığı rəsmən təsdiqini tapıb.