"Hər oyuna ən yaxşılardan biri olmaq üçün çıxıram. Amma bunu son turda bacardım, qol vurdum və qol ötürməsi verdim. Bu, mənim üçün bir ilk idi. “Kəpəz”də qol hesabımı açdım, buna görə sevincliyəm. Davamını gətirməyə çalışacağam".
Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in futbolçusu Budaq Nəsirov deyib.
Topaz Premyer Liqasını 20-ci turunda AZAL-la görüşdə Julien Ebaha məhsuldar ötürmə edən Budaq həm də komanda yoldaşının baxımlı qol vurmasına şərait yaradıb: "Karyeram ərzində bir oyunda iki qol vurmuşam və ötürmə də vermişəm. U-17 və U-19 liqalarında, həmçinin aşağı yaş qrupları üzrə yığmalarda da belə oyunlarım olub. Ancaq ilk dəfə idi ki, peşəkar klubda bu cür fərqlənirdim.
Əvvəlcə onu deyim ki, “Qəbələ” üzərindəki qələbədən sonra hamılıqla AZAL-la qarşılaşmada da üç xal qazanmağa çalışacağımızı söylədik. Bakı təmsilçisi ilə görüşə ciddi hazırlaşdığımızdan bizim üçün gözlədiyimiz qədər çətin olmadı. O ki, qaldı Ebahın fərqlənməyinə, o, yüksək səviyyəli hücumçudur. Bu cür qolları vurmağı bacarır. Yadınızdadırsa, “Rəvan”a vurduğu qol da yaxşı alınmışdı. Baş məşqçimiz Şahin Diniyev də yaxşı bilir komandaya necə hücumçu gətirmək lazımdır.
Julienə və ya digər fərqlənən futbolçuya kimin ötürməsi verməsi, ümumiyyətlə, qolu kimin vurmasının əhəmiyyəti yoxdur. Əsas olan qələbə qazanmaqdır. AZAL-a vurduğum qoldan sonra sevinci yaşayarkən Ebahla diziüstə əyləşib birlikdə əlimizi göyə qaldırmağımız Allaha dua etməyimizlə bağlı idi. Ebah inanclı futbolçudur. Mən Gəncə klubunun heyətində ilk qolumu vurduğumuz üçün Allaha şükür etdim".