“Qəbələ” Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt”la oyununun hazırlıqlarına start verib.
Sportarena.az xəbər verir ki, XX turun fevralın 7-də keçirilən “İnter”lə səfər qarşılaşmasının (1:0) ertəsi gün hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb. Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində yalnız zədəli Aleksey Antonov iştirak etməyib. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komandadan ayrı məşq edib. XIX turun “Kəpəz”lə Gəncədəki matçında zədələnərək, əvəzlənən Sergey Zenyov 10 günlük fasilədən sonra kollektiv çalışmalara qatılıb. Estoniyalı futbolçu komanda ilə birlikdə mövsümün ilk ev oyununa hazırlaşıb. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” oyunu fevralın 14-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da veriləcək.