AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bu gün AZAL-ın düşərgəsinə baş çəkiblər.
Sportarena.az klubun rəsmi saytına istinadən Xəbər verir ki, Vaqif Sadıqov, Agasəlim Mircavadov, Şakir Qəribov və Böyükaga Hacıyevdən ibarət məşqçi heyəti “AZAL-Arena”ya gələrək əsas komandanın məşqini izləyiblər.
Məşqdən sonra AZAL-ın vitse-prezidenti Elşad Babayev və baş məşqçisi Tərlan Əhmədovla görüşən qonaqlar təxminən 1 saat ərzində həm klub, həm də ölkə futbolu ilə baglı bir sıra mövzuları müzakirə ediblər. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ilk görüşü AZAL-da keçirdiklərini bildirərək bütün klublara baş çəkəcəklərini qeyd edib: "Əsas məqsədimiz klublarda çalışan həmkarlamızı dinləmək, problemlərini öyrənməkdir. İstəyirik ki, hamı dərdini deyə bilsin, birlikdə bütün çətinlikləri aradan qaldıraq. Biz istənilən məsələnin həllində öz köməyimizi göstərməyə hazırıq. Əsas məqsədimiz AFFA ilə klublar arasında qarşılıqlı əlaqəni qurmaq və mütəxəssislər arasında həmrəylik yaratmaqdır. Bu mənada ilk səfərimizi AZAL-a etdik. Son vaxtlar klubunuzun çıxışı bizdə ancaq xoş hisslər dogurur. Perspektivli və bacarıqlı futbolçulardan ibarət mübariz kollektiv yaradılıb. Burada bir çox yığmalarda oynayan oyunçular var. Onları daim diqqət mərkəzində saxlayırıq".
Daha sonra baş məşqçi Tərlan Əhmədov çıxış edib və həmkarlarına komandada görülən işlərlə baglı məlumat verib. Əhmədov klubun strategiyasından danışaraq ehtiyat qüvvənin hazırlanmasına toxunub: "Uşaq futbol komandalarımızda xeyli istedadlı yeniyetmələr var. Biz onları diqqət mərkəzində saxlayırıq. Bu gün potensialı olan istənilən futbolçuya əsas komadanın qapıları açıqdır. Bizimlə mütəmadi məşqlərə cəlb olunan yeniyetmlər var. Milli komandaların məşqçiləri ilə daim ünsiyyətdəyik. Layiqli namizədimiz olanda onlara öz fikirlərimizi çatdırırıq. Rəhbərlik ehtiyat qüvvənin hazırlanmasında və gələcəkdə öz yetirmələrimizdən ibarət komandanın qurulmasında maraqlıdır. Bu sahədə olan təşkilati problemlər yavaş-yavaş aradan qaldırılır".
Məşqçilər Komitəsinin üzvləri Agasılim Mircavadov, Şakir Qəribov da öz fikirlərini bölüşüblər və onlar da AZAL haqda xoş sözlər söyləyərək müzakirəyə qoşulublar. Nəticədə AZAL-ın nümayəndələri uşaq futbolu və məşqçilərin attestasiyası haqda bir neçə təklif irəli sürərək onların AFFA-nın müvafiq qurumlarına çatdırılmasını xahiş ediblər.