"Qələbə seriyasına davam etmək istəyirik" - Julien Ebah

18:59 12 Fevral 2016

"AZAL-la üzərindəki qələbəni tezliklə unudub “Qarabağ”a qarşı matça hazırlaşmağa başladıq. Rəqib güclüdür, bunu yaxşı bilirik. Amma indi biz də yaxşı oynayırıq”. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Julien Ebah Topaz Premyer Liqasının 21-ci turunda qarşılaşacaqlar "Qarabağ"la görüş haqda danışarkən deyib. 

Kamerunlu futbolçu uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirib: “Çempionatda zəif rəqib yoxdur. İstər “Qəbələ”, istərsə də AZAL-la oyunlarda çətinlik çəkdik. Əvvəlcədən də təxmin edirdik ki, qələbə qazanmaq bizim üçün heç də asan olmayacaq. Ancaq buna baxmayaraq qalib gəldik. Ardıcıl üçüncü ev oyununda da qələbə qazanmaq istəyirik. Bunun çətin olacağının da fərqindəyik”.
 
Ebah Topaz Premyer Liqasında cari mövsümdə beş qol vurub. O, ilk iki dövrədə “Rəvan” və AZAL-la oyunlarda fərqlənib. Qış fasiləsindən sonra isə “Qəbələ”yə iki, AZAL-a isə daha bir qol vurub: “Son iki oyunda üç qol vurmuşam. Bu da normal qarşılanmalıdır. Çünki mən hücumçuyam, hesaba təsir etməliyəm. Hücumçular futbolu qol vurmaq üçün oynayır. Vurduğum qollarla “Kəpəz”in qələbəsinə töhvə verdiyim üçün sevincliyəm. Qol vurmaq komanda, özüm və azarkeşlər üçün vacibdir. Qolun baxımlı alınıb-alınmaması elə də önəmli deyil. Əsas olan topu qapıya salmaqdır”.
 
Julien Ebah Gəncə azarkeşlərindən də danışıb: “Komandamız Azərbaycanın ən yaxşı azarkeşlərinə malikdir. Bizim qələbə qazanmağımızda onların dəstəyinin böyük payı var. Hər zaman bizi qələbəyə səsləyir, uğura kökləyirlər. Bir sözlə, xoşbəxtəm ki, bizim komandanın bu cür fanat ordusu var”.
 
Julien Gəncə klubunda forma geyinməkdən məmnunluğunu da dilə gətirib: “Mən çox şadam ki, “Kəpəz”də çıxış edirəm. Mehriban kollektivimiz, təcrübəli baş məşqçimiz var. Şahin Diniyev bütün futbolçulara inanır, məsləhətləri ilə bizə yol göstərir. Hər zaman rəhbərliyin də dəstəyini hiss edirik. Mövsümün sonunda arzuladığımız nəticəyə çatmaq üçün səyimizi birləşdirmişik”.


Digər xəbərlər

Xəbər xətti