Fevralın 14-də Avstriyanın Obervart şəhərində açıq Avropa çempionatı davam edib. Həmin gün 81, 90, 100 və 100-dən yuxarı çəki dərəcələrində cüdoçular tatami üzərinə çıxıblar. 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev 5-ci, Şahin Qəhrəmanov isə 7-ci yer tutub. 100 kiloqram çəki dərəcəsində Cəlil Şükürov 5-ci yerdə qərarlaşıb.
Yığma komandamızın üzvü Urşəng Kokauri 100-dən yuxarı çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, final mərhələsinə yüksəlib. Finalda rus idmançısı Aslan Kambiyevlə qarşılaşan U.Kokauri rəqibini ippon fəndinə salaraq, çemionatın qızıl medalına layıq görülüb. Həmin gün keçirdiyi beş görüşdən dördünü ippon fəndi ilə qazanan U.Kokauri tamaşaçıların böyük rəğbətini qazanıb.
Çempionatı uğurla başa vuran Azərbaycan idmançıları ümumi komanda hesabında ikinci yeri tutublar.(Azertac)