“Xəzər Lənkəran” yaya kimi, heyətinə başqa yeni futbolçu cəlb etməyəcək.
Sportarena.az xəbər verir ki, cənub klubunun baş məşqçisi Elbrus Məmmədov məlumat verib.
Qış “transfer pəncərəsi” fevralın 2-də bağlansa da, bəzi klublar kimi, “Xəzər Lənkəran” da azad agent statusu daşıyan futbolçuları heyətinə qatmaqda maraqlı idi. “Ağ-yaşıllar” ötən həftə “Dnepr”in Azərbaycan əsilli sabiq futbolçusu Bayram Budaqovla məhz bu yolla müqavilə imzalamışdılar.
“Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçunun qoşulacağı gözlənilirdi. Azərbaycan əsilli həmin oyunçu Budaqovdan fərqli, Rusiyadan gəlməli idi. Lakin adı açıqlanmayan hücumçu gözü yollarda qalan “ağ-yaşıllar”ı məyus edib.
Belə ki, o, söz verdiyi vaxtda Azərbaycana gəlməməklə yanaşı, Elbrus Məmmədovun zənglərinə cavab vermir. 44 yaşlı çalışdırıcı əməkdaşımızla söhbətində bu məsələnin onun üçün bağlandığını deyib: “Çox gözlədik, amma gəlib çıxmadı. Halbuki danışığımız olmuşdu, söz vermişdi. Özünün və klubunun adını açıqlamaq istəmirəm. Çünki bunun mənası yoxdu. Artıq bu məsələni bağladıq və mövsümün sonuna qədər hazırkı heyətlə davam edəcəyik”.
Qeyd edək ki, qış fasiləsindən sonra keçirdiyi 3 oyunda 1 xal qazanan “Xəzər Lənkəran” hazırda 13 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
apasport.az