Artıq ənənə halını alıb: “Zirvə” Beynəlxalq İdman Klubu hər il müxtəlif KİV-lər və cəmiyyətlər tərəfindən ilin ən yaxşısı seçilir. Bu dəfə də belə oldu. “Sportsman” jurnalı klubumuzun 2015-ci ildəki işlərini yüksək qiymətləndirərək bizi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində – “İlin ən yaxşı idman klubu” seçib.
Bildiyiniz kimi, mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” İdman Klubunun qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olub. 2015-ci ildə “Zirvə”çilər bu baxımdan yetərincə uğurlu çıxış ediblər. Yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Avropa və dünya çempionatlarında yarışan atletlərimiz ümumilikdə 46 medal əldə etmişdirlər ki, onlardan – 23-ü qızıl, 12-si gümüş və 11-i isə bürünc medaldır. Bununla yanaşı, qeyd olunan yarışlarda atletlərimiz tərəfindən 2 Avropa və 1 dünya rekordu müəyyən edilib.
Fevralın 12-də “Jumeirah Bilgah Beach” mehmanxanasında keçirilən təntənəli təqdimat mərasimi keçirildi. Bir çox tanınmış idmançı və mütəxəssislərin, məşhur musiqi ifaçıları, incəsənət adamları, dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbir maraqlı alındı. Xoşdur ki, mükafatlardan biri də bizə qismət oldu. “Zəfər” Mükafatı “Zirvə İdman Kompleksi” MMC-nin direktoru Ruslan Xanverdiyevə təqdim olundu. O, hisslərini belə bölüşdü: “Zirvə” Beynəlxalq İdman Klubu olaraq 2015-ci ildə nailiyyətlərimizə görə “Zəfər” mükafatı ilə təltif olunduq. Artıq ikinci dəfədir ki, bu mükafata layiq görülürük. Bu, bizim işlərimizin düzgün görüldüyünə, doğru yolda olduğumuza işarədir. Gələcəkdə yeni nominasiyalarda da təltif olunmaq üçün çalışacağıq. Mükafatı əldə etməyimiz münasibətilə klubumuzun rəhbəriliyini, idmançıları, məşqçi heyətini və əməyi olan hər kəsi təbrik edirəm”.
“Zirvə”nin Azərbaycanın bölgələrində böyük kompleksləri fəaliyyət göstərir. Lənkəran, Sumqayıt, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Astara, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait qurulub. Klubun mərkəzi bazası Xırdalan şəhərində, ərazisi 12 ha olmaqla 50 min kv.m. qapalı sahəyə malik, AAAF PARK Yaşayış Kompleksindədir. Burada fəaliyyət göstərən “Zirvə Liseyi”ndə 20-dən çox gənc ağır atlet həm təhsil alır, həm də peşəkar idman bacarıqlarını yüksəltməklə məşğuldurlar. Kompleksdəki “Zirvə Uşaq İdman Akademiyası”nda ağır atletika ilə yanaşı bədii gimnastika, cüdo, üzgüçülük, şahmat idman növləri inkişaf etdirilir. Klubun yüzə yaxın fərqlənən üzvləri burada mənzillə təmin olunublar. Ağır atletika, cüdo, bədii gimnastika, futbol və başqa növlər üzrə bölmələri olan “Zirvə” İK beynəlxalq səviyyəyə çıxmaq üçün ilk addımlarını atmağa başlamışdır. Klubun planetar layihəsi olan – “Zirve İnternational Sport Clubs”-ın Polşa, Bolqarıstan, Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan, Türkiyə, Moldova və Ukraynada filialları yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Artıq klubun filialları arasında iki Dünya Kuboku və iki dünya çempionatı keçirilib.