“Kəpəz” sabah Topaz Premyer Liqasının XXII turunda Bakıda qarşılaşacağı “İnter” ilə oyunun hazırlıqlarını tamamlayıb.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” qarşıdakı matçın son məşqinə oyunun keçiriləcəyi “İnter Arena”da çıxıb.
Uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq komandanın heyətində itki yoxdur. Digər zədəlilərin olmaması və ötən tur cəzalı olan Budaq Nəsirovun sıraya dönməsi məşqçilər heyətini sevindirib.
“İnter” ilə matç öncəsi Gəncə klubunun baş məşqçisi Şahin Diniyev açıqlama verib:
“Bizi 6 xallıq oyun gözləyir. Rəqiblə turnir cədvəlində qonşuyuq. Liderlər qrupundan aralı düşməmək üçün hər iki komandaya uğur qazanmaq lazımdır. Ona görə matç həm bizim, həm də onlar üçün vacibdir. Bakı təmsilçisi uğura ac olan komandadır. Son oyunlarda yaxşı oynayıb qələbə qazana bilməyiblər. Bu səbəbdən “Kəpəz” ilə görüşdə qələbə qazanmağa və bu yolda bizə böyük problemlər yaratmağa çalışacaqlar. Deyərdim ki, şanslar bərabərdir”.