Azərbaycan Premyer Liqasının XXII turunda “Kəpəz” Bakı səfərində “İnter”in qonağı olacaq. Bu oyun fevralın 19-da saat 15:00-da başlayacaq.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi “sarı-göylər”in futbolçusu Tural Rzayev oyunla bağlı fikirlərini Klubun rəsmi saytı ilə bölüşüb: “Qarşıdakı oyuna hazırlığımız həmişə olduğu kimi yüksək səviyyədə keçib. Xüsusi bir məşq planı olmayıb. Digər görüşlərə necə hazırlaşmışıqsa, elə də məşq etmişik. Çempionatda asan oyun və ya zəif rəqib anlayışı yoxdur. Bilirik ki, “İnter” ilə matç bizim üçün çətin keçəcək. Hədəfimiz bəllidir – qələbə qazanmaq istəyirik”.
Əvvəlki iki dövrədə keçirilən “İnter” – “Kəpəz” qarşılaşmalarında 1:0 və 0:0 hesabları qeydə alınıb. Bakı klubu ilə üçüncü görüşün nəticəsini öncədən təxmin etmək çətin olsa da, məlum olan oyunun maraqlı mübarizə şəraitində keçəcəyidir: “Gərgin oyun olacaq, “İnter” kifayət qədər ciddi və güclü rəqibdir. Komandanın turnir cədvəlindəki yeri də gücündən xəbər verir. Rəqibin heyətində çox təhlükəli yerli və əcnəbi futbolçular var. Ona görə qarşıda bizi asan oyunun gözləmədiyini söyləyə bilərəm”.
Gənc yarımmüdafiəçinin sözlərinə görə, “Kəpəz” öz oyununu nümayiş etdirə bilsə, komanda “İnter” ilə görüşdə arzuladığı nəticəni qazana biləcək: “Əvvəlki turlarda göstərdiyimiz oyunu sərgiləyə bilsək, qalib gələcəyik. Çempionatda öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik. Məncə, Premyer Liqada ən yaxşı, baxımlı və rəngarəng futbol nümayiş etdirən komandalardan biri elə “Kəpəz”dir. Qış fasiləsindən sonra “Qəbələ”, AZAL və “Qarabağ”la oyunlarda necə mübarizə apardığımız hamı gördü. Sonuncu görüşün ilk 15 dəqiqəsini çıxmaq şərtilə Ağdam klubu ilə başa-baş oynadıq. “Qarabağ” ilə matçın ədalətli nəticəsi də, heç-heçə idi”.